“Növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını iki dəfə artıracaq” – Deputat

İQTİSADİYYAT 05 okt 2022, 23:14
“Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması, habelə Avropanın bu günə qədər ən böyük qaz təchizatçısı olan Rusiyaya ABŞ və qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar ümumən NATO-Rusiya qarşıdurmasını dərinləşdirmiş, Aİ-Rusiya münasibətlərinə mənfi təsir göstərərək Avropanın enerji təchizatı baxımından yeni qaz mənbələri və loqistika imkanlarının tapılmasını zəruri etmişdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan neft kontraktlarının idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır:

“Hal-hazırda Avropada yaşanan enerji böhranı fonunda Azərbaycanın illər boyu üzərində işlədiyi enerji infrastrukturu Aİ-nin diqqətini cəlb etməkdədir. Bu, eyni zamanda Azərbaycan üçün suverenliyin qorunmasında, habelə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqda yeni bir imkan, habelə Avropada yaşayan insanların enerji və qaz tələbatının ödənilməsinə dəstəkdir. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi Aİ-nin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi növbəti yeni planı olaraq Azərbaycan qazının Bolqarıstana və Bolqarıstan vasitəsilə şaxələndirilərək digər Avropa dövlətlərinə çatdırılmasını nəzərdə tutur. Bu yeni formatda Avropa enerji təhlükəsizliyində Azərbaycanın iştirakı bir tərəfdən Azərbaycanın artan nüfuzu, digər bir tərəfdən Azərbaycan dövlətinin bu günə qədər yaratdığı və həyata keçirdiyi böyük infrastruktur layihələrinin olması ilə mümkün olmuşdur. Prezident İlham Əliyevin Qaz İnterkonnektorunun açılış mərasimində səsləndirdiyi çıxış nitqində Avropa Komissiyasının Prezidentinin çıxış nitqinə əlavə olaraq iyun ayında Bakıda xanım Fon der Lyayenin birbaşa iştirakı ilə imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd etmiş, həmin Memoranduma əsasən ölkəmizin növbəti bir neçə ildə Avropaya qaz ixracatının ən azı 2 dəfə artırılacağını vurğulamışdır”. 

Millət vəkilinin sözlərinə görə, bu öz növbəsində Azərbaycanın enerji sahəsindəki siyasətində düzgün gələcəyə hədəflənmiş istiqamətləri göstərir:

“Eyni zamanda Aİ ilə Azərbaycan arasında siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyinə əminlik yaradır. Beləliklə, Prezident İlham Əliyevin həm Bolqarıstan səfəri, həm də Qaz İnterkonnektoru layihəsinin açılış mərasimində iştirakı daha çox sülhə, əmin-amanlığa və dünya enerji təhlükəsizliyi siyasətinə verilə biləcək böyük töhfədir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top