“Onlar qətlə yetirilməmişdən öncə dəhşətli işgəncələrə məruz qalıb” — Xocavənddəki məzarlıqla bağlı daha bir AÇIQLAMA

GÜNDƏM 05 okt 2022, 13:01
“Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşakr edildi. Bu növbəti dəfə onun göstəricisidir ki, Ermənistan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliklər və hərbi cinayətlər törədiblər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Xocavənd rayonunda aşkarlanmış növbəti kütləvi məzarlıqda Azərbaycan əsgərlərinin vəhşicəsinə qətlə yetirildiyi açıq-aşkar görünməkdədir:

“Həmin şəxslərin əlləri, ayaqları bağlı şəkildə qətlə yetirildikləri müəyyən olunmuşdur. Bütün bu onun göstəricisidir ki, onlar qətlə yetirilməmişdən öncə dəhşətli işgəncələrə məruz qalıblar. Bu Cenevrə Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə aşkarcasına pozulduğunun göstəricisidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi dəfələrlə 4 min soydaşının itkin düşdüyü, taleyi ilə bağlı heç bir məlumatın olmadığı haqqında məsələ qaldırıb. Bunu Azərbaycan prezidenti dəfələrlə Ermənistanın baş naziri ilə görüşlər zamanı da səsləndirib. Azərbaycanın xarici işlər naziri də məsələni səsləndirib. Ermənistan tərəfindən isə bu istiqamətdə bugünədək hər hansı bir reaksiya olmayıbdır. Təəssüflə qeyd etmək lazımdır ki, heç bir əsas olmadan Azərbaycanı hərbi xarakterli cinayətlərdə suçlandırma cəhdlərinə rast gəlirik. Ancaq Ermənistanın bu qədər aşkar şəkildə törətmiş olduğu cinayətlərə görə qınanmaması, Ermənistanın siyasi, hüquqi məsuliyyətə cəlb olunmaması ikili standartların aşkar göstəricisidir. Bu cür yanaşma qlobal təhlükəsizlik üçün çox neqativ presidentlər təqdim etməkdədir”.

 Millət vəkili əlavə edib ki, Ermənistan törətmiş olduğu cinayətlərə görə cavab vermiş olsaydı, məsuliyyətə cəlb olunsaydı, onda belə hallara yol verməkdən də çəkinərdilər. 



“Amma, Ermənistan 30 ildən artıq bir müddətdə də Azərbaycan xalqına qarşı aşkar cinayətlər törətməkdədirlər. Bütün beynəlxalq hüquq normaları və konvensiyalarının tələblərini kobud şəkildə pozmaqdadırlar. Buna görə, heç bir məsuliyyətə cəlb olunmurlar. Özlərini tam cəzasızlıq şəraitində hiss edirlər. Bu da digər subyektlər tərəfindən analoji addımların atılmasına həvəsləndirə bilər. Bu baxımdan təbii ki, biz zamanla Ermənistanın məsuliyyətə cəlb olunmasına nail olacağıq. Amma qeyd etdiyim kimi, bir çox hallarda beynəlxalq instansiyaların qeyri-obyektiv mövqe sərgiləməsi ona dəlalət edir ki, təcavüzkara dəstək olunur və onu yeni cinayətlərə həvəsləndirmək cəhdləri müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, beynəlxalq instansiyalar taleyi bugünə qədər məlum olmayan 4 min soydaşımızla bağlı Ermənistana suallar ünvanlamalıdırlar. Ən azından bilirik ki, Ermənistan tərəfi onları işgəncələrə məruz qoyublar, qətlə yetiriblər. Amma ən azından onların aqibəti ilə bağlı məlumatları təqdim etməlidirlər. Burada da beynəlxalq instansiyaların təsirli rolu ola bilər”.
 
“Təəssüf ki, biz bu rolu görmürük, əksinə onların ədalətsiz mövqelərini görürük. Bütün hallarda Azərbaycan kifayət qədər siyasi hərbi gücə malikdir ki, itkin düşmüş, taleyi bilinməyən vətəndaşları ilə bağlı məsələyə aydınlıq gətirsin. Hesab edirəm ki, biz buna nail olacağıq. Amma, ermənilərin bu vəhşiliklərini də daxili auditoriya üçün deyil, beynəlxalq auditoriya üçün sistemsiz şəkildə nümayiş etdirmək və ictimailəşdirmək lazımdır. Ayrıca olaraq bunu fəaliyyət xətti kimi müəyyənləşdirmək vacibdir”, - deyə E.Mirbəşiroğlu sonda qeyd edib. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top