Sabah Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayır

SOSİAL 04 okt 2022, 19:29
Sabahdan başlayaraq 2 gün ərzində ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edəcək.

Tədbir BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

"Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.

Belə beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə Milli Şəhərsalma Forumu 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutacaq, ADA Universitetinin təşkilati dəstəyi ilə həyata keçiriləcək. Post-konflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Şəhərsalma Forumunda diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası, bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.

Forumda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcək. Tədbir şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq", - deyə məlumatda qeyd olunub.

İlk Azərbaycan Milli Şəhərsalma Forumu onlayn olaraq rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top