“Hər addımda gözümün qabağına ilk atamı gətirirəm” — Elçin Şıxlı 65 yaşında...

MÜSAHİBƏ 04 okt 2022, 13:57
Bu gün "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının 65 yaşı tamam olur. Tanınmış jurnalistin doğum günündə  Demokrat.az-a qısa müsahibəsini təqdim edirik:

-    Elçin müəllim, doğum gününüzdür. Bu münasibətlə Sizi kollektivimiz adından təbrik edirik. Sizə Ən xoş arzularımızı çatdırırıq.

-    Çox sağ olun. Təşəkkür edirəm, hər birinizə!

-    Bu gün yeni yaşa – 65 yaşa qədəm qoyursunuz. Bu yaşda özünüzü necə hiss edirsiniz?

-    (gülür). Təbrikləri alandan sonra özümü lap 15 yaşındakı kimi… Çox sağ olun!

-    Hər zaman şüarınız belə olub - “Adımız andımızdır…”. Bu deviz sizin üçün hansı anlamı daşıyır?

- Bilirsiniz, insanın adı böyük şeydir. İnsan özünün qürurunu qoruya bilirsə, sözü ilə əməli arasında fərq yoxdursa, hesab edin ki, insan adını qoruyur. Söhbət ondan getmir ki, ancaq özünü qoruyursan, şəxsini qoruyursan. Yəni, səndən əvvəlkiləri qoruyursan. Sənə həyat verənləri, səni böyüdənləri, sənə ad verənləri, yəni nənələrimizi, analarımızı, atalarımızı, babalarımızı. Ümumən belə deyək, hərənin ailəsi və bir nəsli var. Hansısa bir dəyərlərinin daşıyıcısıdır. Özünün adını qoruyanda özünü qorumursan. Səndən əvvəl olanları və səndən sonra olacaqlara da yol göstərirsən. Belə anlayıram onu.

-    Sizin üçün İsmayıl Şıxlının oğlu olmağın məsuliyyəti nə dərəcədə böyükdür?

- Bu adın məsuliyyəti çox böyükdür, deyərdim ki, həddindən artıq böyükdür. Bunu dəfələrlə demişəm. Nəsə ciddi addım atmaq istəyəndə, bir çox hallarda əgər hansısa bir tərəddüdlər varsa, gözümün qabağına ilk olaraq onu gətirirəm. Və düşünürəm ki, addımı belə yox, belə atsam, o zaman o, nə deyərdi?! Bunun nəticəsində də həqiqətən də, bu adın məsuliyyət böyükdür. 

-    Peşənizlə bağlı övladlarınıza vaxt ayırmağa imkanınız olubmu? 

-  Düzü, indi övladlarım əlimə keçəndə onlara vaxt ayırıram, çünki böyüyüblər artıq. Nəvə də gələndə təbii ki, ona da vaxt ayırıram (gülür). Bir şeyi söyləmək istəyirəm ki və bunu dəfələrlə demişəm. Vaxtilə övladlarıma daha çox vaxt ayırmalı olduğum vaxtlar daim işdə olmuşam, yəni işə vaxt ayırmışam. Amma işdə olmaq, işə vaxt ayırmaq müəyyən mənada övladlara vaxt ayırmaq kimi bir şeydir. İndi isə vəziyyət elə deyil təbii. Məsələn, əvvəllər uşaqlarım körpə olanda mən işə gedəndə onlar hələ yatırdılar, mən işdən qayıdanda da artıq onlar yatırdılar. Yəni, vəziyyət belə olub. Amma, indi böyüyüblər, əlimə keçəndə onlara vaxt ayırıram. (gülür).

-    Elçin müəllim, sizə can sağlığı və fəaliyyətinizdə yeni uğurlar arzu edirik. 

-    Təşəkkür edirəm! Minnətdaram!

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top