“Medianın fəaliyyəti üçün heç bir rəsmi əngəl yoxdur”

MEDİA 02 okt 2022, 23:19
Fikir, söz və məlumat azadlıqları cəmiyyətin əsas azadlıqları hesab olunur və plüralist cəmiyyətin yetişməsi üçün ən vacib şərt sayılır. Şübhəsiz ki, bu azadlıqlar ilk növbədə mətbuatdan başlayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azərbaycanda istənilən məsələyə müstəqil fikir bildirmək, mövqe sərgiləmək imkanı məhdudlaşdırılmayıb. Əgər azad şəkildə internetdən istifadə, sosial şəbəkələrdə paylaşımlar edilirsə, fikir, söz, məlumat azadlığından istifadə edilirsə, deməli, insanların hüquq və azadlıqlarına heç bir maneə yoxdur və bu özü də ölkədə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyir. Təbii ki, plüralizmin, demokratiyanın inkişafına dövlət dəstəyi, dövlətin diqqət və qayğısı əsaslı rol oynayır. Bu gün media orqanlarına dövlət dəstəyi mövcuddur. 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə medianın fəaliyyət göstərməsi üçün heç bir əngəl yoxdur:

“Bu məsələyə əsasən iki aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci də, əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətinik çəkirik. Medianın fəaliyyət göstərməsi üçün hər hansı rəsmi əngəl yoxdur. Qeyri-rəsmi əngəllərdən danışa bilmərik. Sadəcə olaraq, medianın reklam sahəsində çox ciddi problemləri var. Özəlliklə də, qəzetlərin, ayrı-ayrı saytların ayaqda dura bilməsi üçün reklam bazarında monopoliya var, bir anormal durum var.

Ona görə də, ciddi şəkildə reklam almaq, reklam təminatı çətinliklərlə müşayiət olunur. Eyni zamanda, dövlət medianın ayaqda durması üçün Medianın İnkişafı Agentliyini qurub. Təbiidir ki, o vasitə ilə də mediayaya birbaşa maliyyə yardımları edilir. Aylıq 15 min manat, 3 min manat alan media qurumları var. Yaxud da ki, aylıq 15 min üstəgəl 3 min manat alan media qurumları var. Yəni, dövlət bunu da edir. Medianın üzərinə düşən vəzifələrə gəlincə, biz yaxşı işlərimizlə bərabər tənqidi yönlərimizi də şəxsən özümüz dilə gətirməliyik, yəni, media cameəsi olaraq“. 

Müsahibimiz hesab edir ki, bu gün Azərbaycanda jurnalistikasında keyfiyyəti problemi var:

“Bugünkü qaçhaqaçda sosial mediayaya uduzma şəraitində keyfiyyətli, ənənəvi, hətta onlayn medianın ayaqda durması olduqca çətinləşib. Yəni, bir tərəfdən keyfiyyətdən qurban verməyə məcbur oluruq ki, o qaçhaqaçda operativlikdə uduzmayaq. Təbii ki, operativlik arxasınca qaçdığımız zaman da keyfiyyətdə uduzuruq. Keyfiyyətdə uduzmaq da, ciddi oxucu, izləyici auditoriyasının bizdən üz döndərməsinə səbəb olur. O ciddi kəsim keyfiyyətdə güzəştə getmir. Bu bir tərəfdən, ikinci tərəfdən mediadan sui-istifadə halları həddən artıq çoxdur. Özəlliklə mediaya dəxli olmayan xeyli sayda insan var ki, bu sahəyə kobud da olsa, deyəcəm "soxulub", buranı gözdən salır, davamlı şəkildə media sahəsini, özəlliklə də, auditoriya qarşısında rəzil duruma salır və təbiidir ki, bu da medianın əsas funksiyalarını yerinə yetirməsinə çox ciddi əngəl törədir. Ona görə də, düşünürəm ki, dövlətin yaratdığı şəraitdən, özəlliklə də, mediaya bir vicdan məsələsi kimi yanaşan adamlar maksimum yararlanıb, elə bir ortam qurulmasına çalışmalıdırlar ki, burada həqiqətən də, keyfiyyətli jurnalistika daha çox tələb olunan səviyyəyə yüksəlsin. Yəni, auditoriya məhz o keyfiyyətli jurnalistikanı axtarsın. Burada  dövlətin yardımı əlbəttə də qaçılmazdır, özəlliklə də, reklam məsələsinin tənzimlənməsi keyfiyyətin yüksəlməsinə səbəb olacaq”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli saytımıza açıqlamasında bildirib ki, Azərbaycan jurnalistikasında keyfiyyət probleminin olmasının obyektiv və subyektiv səbəbləri var: 

“Bunun ilk səbəbi internet əsrində yaşamağımızdır, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib, insanlar uzun məlumatlar, xəbərlər oxumaq istəmir. İnternetdə o qədər çox informasiya var ki, insanlar çox şeyə səthi yanaşır, məlumatı tez və qısa şəkildə almaq istəyir, uzun xəbərləri oxumur. Dünyada aparılan araşdırmalar onu göstərir ki, son zamanlar uzun videolara da baxılmır, ilk 2-3 saniyə əgər maraqsızdırsa, videonun davamı izlənilmir. İnternetdə ən vacib amil operativlikdir, xəbəri tez və qısa çatdırmaqdır, bu da jurnalistikada keyfiyyət probleminə gətirib çıxarır. Son zamanlar "Youtube"da qısa videolar bölümünü yaradıb və 10-15 saniyəlik videolara üstünlük verməyə başladı. Bu, o deməkdir ki, hər sahədə yeniliklər qaçılmazdır. Əgər mətbuatımız da bu yeniliklərdən kənar qalmaq istəmirsə, dövrün tələbi ilə ayaqlaşmalıdır, hesablaşmalıdır. Ancaq jurnalistin sosial şəbəkə fəalından fərqi də mütləq olmalıdır, jurnalist operativliyi düşünüb, qarşısına çıxan hər məlumatı xəbərləşdirməli deyil, ilk növbədə onu dəqiqləşdirməlidir, fərqli mənbələrə müraciət etməlidir, jurnalistin yazdığı xəbər fakta söykənməlidir. Bu halda da təbii ki, jurnalist sosial media fəalına operativlikdə uduzacaq, ancaq məlumatı düzgün verdiyinə görə də cəmiyyətin rəğbətini qazanacaq”. 

Baş redaktor əlavə edib ki, mediada keyfiyyət probleminin səbəblərindən biri də jurnalistlərin maaşlarının azlığıdır:

“Əgər jurnalistə istədiyi maaşı verə bilmiriksə, onda keyfiyyətli iş də tələb edə bilmərik. Bunlar zəncirvari proseslərdir. Ümid edirəm ki, medianın reklam bazarı formalaşandan sonra peşəkarlıq səviyyəsi də artacaq”.

H.Heydərli sonda qeyd edib ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top