Deputat: “Deyirlər ki, Milli Məclisdə “bakuş” söhbəti gedir”

SOSİAL 30 sen 2022, 20:47
“Milli Məclisdə “Azərsu” ilə əlaqədar çox kəskin formada çıxış etdim. Lənkərandan 20-ə yaxın sahibkar çirkab sularla bağlı müraciət edib. Onlar istəyirlər ki, dövlətlə danışıb hansısa bir formada həmin çirkab suların qarşısını alsınlar. Təklifləri də var, müəyyən xərc qoymağa da hazırdırlar. “Azərsu” elə bil kosmosda, ya başqa planetdə yaşayır. Bu problem bilirəm ki, tək Lənkəranda deyil. “Azərsu”yun Lənkəran üzrə su-kanal idarəsinin rəisi rəisi çox yaxşı formada işini qurub. İnsanların ondan narazılığı yoxdur, razıdırlar. Bacarır, işi qurub. Amma məsələ ondan asılı deyil. Bu, artıq mərkəzi qurumun qərarıdır. İnsanlarla gərək münasibət qurasınız. Cənab Prezident hər dəfə tapşırır ki, sahibkarlara kömək edin. Sahibkar nə qədər çox işini aktivləşdirsə, intensivləşdirsə, büdcəyə də o qədər vəsait ödəyəcək, həm də yeni iş yerləri açılacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat “Azərsu” ilə bağlı ona çoxsaylı müraciətlərin olduğunu bildirib: “Dörd ay bundan öncə bir yaxın adam mənə müraciət etdi. Mərdəkanda bağı var. Dedi ki, “su çəkdirmək istəyirəm, ana su xətti, hardasa, 400-500 metr kənardadır, layihəyə, suyun çəkilməsinə görə hər şeyi özüm öz hesabıma ödəyirəm”. Dörd ay yarımdır deputat kimi mən də müraciət etmişəm. İzah edirəm, deyirəm ki, vətəndaşla əlaqə saxlayın. Sağ olsun Mərdəkandakı su-kanal idarəsinin rəisi. Regionallar işləyirlər. Bilmirəm, insanlarla davranışları necədir. Hər halda deputatın sözünü eşidirlərsə, deməli, insanları da eşidirlər. Bir dəfə gəlib baxdılar. Xəzər Rayon Sukanal İdarəsindən bildirildi ki, bunu gərək mərkəzi rəhbərlik həll etsin. Məsələyə baxılmır, addım atılmır. Belə hallar onlarla olub. İçməli su ilə əlaqədar müəssisələr də müraciət ediblər. Bütün deputatlara müraciət edəndə deyirəm ki, qardaşlar, ümumi tənqid etməyək, gəlin, faktla deyək. Filan nazirlik, filan qurum belə səhv buraxır. Əvvəlcə özümüz zəng edək, qurumun rəhbərinə deyək, xahiş edək ki, insanları qəbul etsinlər, onlarla davranış sistemini dəyişsinlər. Çalışın insanlarla dost olasınız. Bu, alınmırsa, onda mən hazıram. Danışanda da kəskin danışıram”.

Deputat müzakirələrə səbəb olan “bakuş” məsələsinə də aydınlıq gətirib: “Deyirlər ki, Milli Məclisdə “bakuş” söhbəti gedir. İnsanlara müraciət edirəm, deyirəm ki, diqqətlə baxın görün deputat nədən danışır? Məğz nədən ibarətdir? Məntiq nədir? Həmişə deyirəm, ironiya, sarkazmla danışan insanam. Ona görə də “bakuş” dedim. İstehlakçıların çoxsaylı müraciətləri var. İnsan supermarketə gedəndə, adətən bir-iki növ yox, daha çox məhsul alır. Kassaya pulu ödəyib, çeki götürüb evə gəlir, bir də ayılır görür ki, pistaxtada yazılan 1 manat 45 qəpik olub 1 manat 95 qəpik. Adətən hamı inanır ki, elektron sistemdir. Mənə o adamlar müraciət edəndə deyirlər ki, elələri var, yalanı, fırıldağı olan satıcını tuturlar, market rəhbərliyi də deyir “bağışlayın, bilmədik” və s. Min bəhanə gətirirlər. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində məsul şəxs olan çox hörmətli Niyazi müəllimə müraciət etdim. Ondan xahiş etdik. O, 20 ildən çoxdur Nazirlikdə işləyir. Ona görə də bildirdim ki, bu məlumatı rəhbərliyə çatdırmaq lazımdır. Nə məsələdir, niyə bəzi supermarketlərin rəhbərləri tərəfindən bu qədər laqeyd baxılır? Elektron sistemdir. Bu gün artıq kosmosdakı sputnikləri burdan idarə etmək olur. 30 metr gedəndən sonra bəs bu qiymət necə qalxır? Deməli, bəzi supermarketlərdə fırıldaq var. Adətən böyük supermarketlər belə şeylərdən qaçır, bu cür səhvlər etmirlər. Amma orta supermarketlərin çoxunda var. İnsanların qəlbini niyə sındıraq? Niyə insanlar aldansınlar, sabah problemlə üzləşsinlər? İnanırlar, qiyməti yoxlamırlar, kortəbii ödəyib məhsulu götürüb gedirlər. Mən həmişə faktla danışıram. Çıxışımdan sonra yüzlərlə zəng oldu, dəstəklədilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top