Egey dənizində 18 ada silahlandırıldı: “Minlərlə NATO əsgəri və hərbi texnika yerləşdirildi”

SİYASƏT 29 sen 2022, 15:28
“Son günlər Ermənistan üzərindən Cənubi Qafqazda baş verən proseslərə, xüsusilə də, münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı yaranmış real imkanlara ciddi təhdidlər törədə biləcək addımlar atılır. Dünyanın bir çox gücləri, xüsusilə də, qlobal güclər tərəfindən 31 avqust Brüssel formatı çərçivəsində keçirilmiş görüşün nəticələrinin sabotaj edilməsi ilə bağlı ciddi çabları müşahidə etməkdəyik, ciddi aktivliyi müşahidə etməkdəyik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. 

“Xatırlatmaq istəyirəm ki, ABŞ kifayət qədər bu proseslərdə aktiv rol alıb və mümkün qədər Ermənistanla Azərbaycan arasında gərginliyin artırılmasında, sülh münasibətlərin formalaşmasına mane olmaq istiqamətində addımlar atmaqdadır. Həm dövlət katibinin timsalında, həm Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri zamanı səsləndirdiyi sərsəm bəyanatlar, eyni zamanda ABŞ prezidenti Baydenin sentyabrın 22-də Ermənistana ünvanladığı məktubda səsləndirdikləri sərsəm fikirlər mövcud reallıqların şərtlərinə qətiyyən uyğun olmayan, Cənubi Qafqazda sülh prosesinə yalnız maneçilik törədə biləcək bəyanatların, fikirlərin yer alması onu göstərir ki, bəli müxtəlif istiqamətdən,  xüsusilə də Azərbaycanın atdığı addımların təzyiqi altında Ermənistanın sülh prosesinə getməsi bir sıra dövlətləri ciddi şəkildə narahat edir. Hesab edirəm ki, bu sırada başda dayanan dövlətlərdən biri də Fransadır. Məhz 12-14 sentyabr tarixlərində Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycanın atdığı addımlara Fransanın isterik reaksiyası, ayrı-ayrı senatorların bəyanatları, eyni zamanda Fransa prezidenti Makronun da adekvat olmayan cavabları, davranışları onu göstərir ki, Fransa da Ermənistan üzərindən Cənubi Qafqazda proseslərin qarışdırılmasında maraqlıdır”, - deyə politoloq vurğulayıb. 

Politoloqun sözlərinə görə,  Yunanıstan xarici işlər naziri Nikos Kotzias Ermənistana səfəri çərçivəsində keçirdiyi görüşlər və bu görüşlərdə səsləndirdiyi bəyanatlar da göstərdi ki, bəli Ermənistana kifayət qədər beynəlxalq səviyyədə münasibətlərin tənzimlənməməsi, daha çox prosesləri uzatmağa xidmət edəcək dəstək nümayiş etdirilir:



“Yunanıstan əslində bu prosesdə sadəcə vasitəçidir. Çünki artıq hamı üçün aydın məsələdir ki, Yunanıstan böyük güclərin ABŞ kimi, Fransa kimi anti-Türkiyə, anti-Azərbaycan meyilli, anti-islam meyilli dövlətin əlində bir alətdir hər zaman. Belə bir alətin xarici işlər nazirinin İrəvanda sərsəm bəyanat səsləndirməsi təbii ki Yunanıstanın, rəsmi Afinanın mövqeyi deyil. Rəsmi Afina Cənubi Qafqazdakı proseslərə müdaxilə edə biləcək bir gücdə deyil. Sadəcə belə sərsəm bəyanatlar səsləndirməsi onu göstərir ki, Yunanıstan öz ağalarının tapşırıqları əsasında Azərbaycan - Türkiyə birliyinin gedişatının nəticəsi olaraq Cənubi Qafqazda möhkəmlənməkdə olan sülh prosesinin qarşısını almağa çalışır. Bununla da, əslində Yunanıstan bir daha özünün simasını açıb ortaya qoydu. Biz Yunanıstanı kifayət qədər yaxşı tanıyan bir cəmiyyət olaraq bilirik ki,  Yunanıstan hər zaman Türkiyəyə qarşı təzyiqlər artdığı dövrdə öz ərazisini Türkiyəyə qarşı bir plasdarma çevirməyə hazır olan  dövlət olduğunu bəyan edib, bunu hər zaman göstərib. Son dövrlər Egey dənizinin adalarında Lozanna və Paris razılaşmalarının şərtinə əks olaraq Yunanıstanın öz anti-türk havadarlarının, xüsusilə də, Fransa və ABŞ kimi dövlətlərinin, Avropa Birliyinin bir çox üzvlərinin dəstəyi ilə silahlandırılması onu göstərir ki, Yunanıstan heç də bölgədə, regionda sülh istəmir. Yunanıstan mövcud vəziyyətdən istifadə edərək vəziyyəti daha da qarışdırmaq və bulanlıq suda balıq tutmağın rahat olduğunu düşünür. Amma Yunanıstan unutmasın ki, Yunanıstan tərəfindən istənilən dövlətin Yunanıstanı alət kimi bölgəmizdə edəcəyi təxribatlar daha çox məhz Yunanıstanın başında çatlayacaq, məhz bunun cəzasını Yunanıstan çəkəcək”.

“Beynəlxalq hüququn vacib tələblərinə görə, beynəlxalq razılaşmalar heç bir dövlət tərəfindən gözardına alına bilməz, pozula bilməz onun tərəfləri. Yunanıstan da Lozanna və Paris sülh razılaşmalarının tələblərini yerinə yetirilməlidir. Artıq Yunanıstan tərəfindən Egey dənizində silahlandırılması qəti qadağan edilən 18 ada silahlandırılıb. Orada minlərlə yunan və NATO əsgəri yerləşdirilib, minlərlə hərbi texnika yerləşdirilib. Eyni zamanda, hətta orada hərbi aeroport tikildi və bunu Türkiyə ərazisinə aviazərbələr endirmək üçün bir əsas nöqtə kimi istifadə ediləcəyi düşünülür. Hesab edirəm ki, 1936-cı il Montrö razılaşmasını əlində əsas götürən və bunun əsasında guya NATO-nun təlimləri çərçivəsində adaların müvəqqəti olaraq silahlandırıldığını bəyan edən Yunanıstan davranışlarında və bəyanatında səmimi deyil. Çünki bildiyiniz kimi, ilk dəfə Avropanın müdafiəsi 2021 NATO-nun təlimlərinə ilk dəfə qoşulan Yunanıstan adalarda NATO qüvvələrinin və yunan hərbi birləşmələrinin yerləşdirilməsini yalnız təlimlərlə əlaqələndirirdisə, təlimlər bitdikdən sonra ərazilər boşaldılmalı idi, amma bu günə qədər də həmin silahlı birləşmələr və texnikalar ərazidən çıxarılmayıb. NATO qüvvələri, xüsusilə də ABŞ bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq NATO-nun birliyi və hərbi bazası kimi qiymətləndirməyə çalışır, amma təbii ki, ABŞ və onun müttəfiqləri, xüsusilə də Yunanıstan unudur ki, Egey dənizi adaları Türkiyənin yanındadır. Rusiyanın və ya Ukraynanın yanında deyil. O hamının gözü qarşısında baş verən təxribatdır”. 

A.Əliyev qeyd edib ki, məqsəd  Türkiyəni növbəti hərbi əməliyyatlara cəlb etmək, bununla da, Türkiyəyə ağır zərbələrin vurulmasıdır:

“Eyni zamanda, Yunanıstan baş naziri  ötən il Avropa Birliyinin siyasi liderlərinin zirvə  toplantısında Türkiyənin Yunanıstana hərbi müdaxiləyə hazırlaşmaqla bağlı sərsəm bəyanatı da onu göstərir ki, əslində Türkiyəyə qarşı düşünülmüş bir plan işə salınıbdır. Bu plan növbəti ildə Türkiyədə keçiriləcək prezident seçkilərində mövcud hakimiyyətin devrilməsini əsas hədəf götürür. Türkiyənin bir güc olaraq zəiflədilməsini və quyruqçu rolunda, əl quyruğu rolunda çıxış edəcək və bu statusu qəbul edəcək bir dövlətə çevrilməsinə çalışırlar. Əslində Yunanıstan xarici işlər nazirinin Ermənistana səfərində də məqsəd bundan ibarətdir. Çünki son vaxtlar Türkiyə və Ermənistan arasında razılaşmaların əldə olunması ilə bağlı ciddi ümidlər formalaşıb. Xüsusilə iki PKK terrorçusunun Türkiyəyə təhvil verilməsi ilə bağlı məlumatların yayılması və bu məlumatlarda Türkiyə xüsusi xidmət orqanlarının Türkiyənin milli təhlükəsizlik təşkilatı ilə əlaqələrinin bildirilməsi onu göstərir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması ilə bağlı ciddi real şanslar formalaşıb və məhz bu addımların qarşısını almaq üçün də Yunanıstanın xarici işlər naziri Ermənistana səfər edib və belə sərsəm bəyanatlar səsləndirib. Ermənistanda yanlış mövcud reallıqların tələblərinə uyğun olmayan illüziyalara əsaslanan təsəvvürlərin formalaşması və bu təsəvvürlərdə heç bir halda Azərbaycanla, Ermənistanla sülh danışıqlarının yer almaması özünü əks etdirir. Son olaraq qeyd etmək istəyirəm ki, belə səfərlər belə bəyanatlar Cənubi Qafqazda sülh prosesinin əldə olunmasına deyil, əksinə münasibələtin gərginləşməsinə xidmət edən davranışlardır. Bu davranışlar da əsas zərər çəkən tərəf məhz böyük güclərin əlində olan Ermənistan və Yunanıstan çəkəcəkdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top