Şəhid qardaşının həssaslığından reytinq üçün YARARLANANLAR — Araşdırmaq bu qədərmi çətindir?

GÜNDƏM 29 sen 2022, 13:28
Bəzi mənəvi, həssas məsələlər var ki, həm xalqımız, həm də dövlətimiz tərəfindən önəmi, diqqətdən kənarda qalmır. Şəhid ailələrinin problemləri də məhz bu qəbildəndir. Əgər sorğu keçirsək, əminliklə deyə bilərik ki, cəmiyyətimiz şəhidlər və onların ailələri ilə bağlı məsələləri ən önəmli məqamlardan biri kimi qəbul etdiyini deyər.

Onlarla bağlı hər hansı neqativ xəbər isə ölkə gündəmini dəqiqələr içərisində zəbt edir. Problemin mənəvi tərəfləri isə obyektiv münasibət göstərməyə əksər hallarda mane olur. Çoxluq araşdırmadan xəbərləri tirajlayır, cəmiyyət isə eyni qaydada narazılıq səslərini yüksəldir.
 
MÖVZU İLƏ BAĞLI:


Şəhid qardaşı 6 minlik rüşvət iddiası ilə bağlı açıqlama yaydı — VİDEO

Nəticədə haqlı, haqsız bir-birinə qarışır, doğrunu yanlışdan ayırmaq mümkünsüzə çevrilir.

Burada cəmiyyət də, dövlət də ən son qınaq hədəfinə çevrilməli olan tərəflərdir. Çünki qeyd etdiyimiz kimi, şəhid ailələri, qazilər cəmiyyətin həssas məqamıdır. Normaldır ki, mənəvi dəyərlər ön plana keçdikdə reallığın arxa fonda qalması təbii, bəzən də zəruri olur.

Dövlət isə müvafiq qurumlarilə birgə bu məsələdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmək üçün gücünü səfərbər edib. Onların problemləri daim diqqətə saxlanılır, həlli vacib məsələ kimi qiymətləndirilir.

Bəs, kimdir müqəssir?

Təbii ki, oxuyucu ya da izləyici xatirinə məsələni araşdırmadan tirajlayanlar. Doğrudur bu məsələni siyasi məqsədlər üçün çirkin oyunlarına alət edənlər də kifayət qədərdir. Amma onlar bəlli, kiçicik bir qrupdur.

Həmin şəxslər elə təəssürat yaradıblar ki, sanki şəhid ailələrinin dərdlərinin, problemlərinin çox olmasını arzulayırlar ki, bundan dövlətçiliyə qarşı yararlana bilsinlər.

Lakin şəhid yaxınlarının həssas məqamlarından, cəmiyyətin eyni dərəcədə həssas hisslərinə toxunmaq üçün istifadə etmək qəbuledilməzdir, nə etik cəhətdən, nə də əxlaqi.

Dünən də belə bir olaya şahidlik etdik. Bəli, Sentyabrın 12-14-də düşmənin sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Səbuhi Əhmədovun qardaşı, Sənan Əhmədovun açıqlamalarından söhbət gedir. Şəhid qardaşı narahatlığını dilə gətirdi.

Müvafiq nazirlik isə operativ qaydada məsələnin qanuni izahını rəsmi qaydada verdi.

Amma bir qrup KİV yalnız şəhid qardaşının narahatlığını geniş tirajladı. Nazirliyin açıqlamasına isə gözlərini, qulaqlarını qapadı.

Lakin bu ilk deyildi. Yəqin ki, son da olmayacaq. Çünki onsuz da ən yaxınını, əzizini itirən bir insanın, ailənin həssaslığı, kədəri gözlərindən oxunur. Hər birimiz də bilirik ki, insan üçün oğul, qardaş, ata itkisi nə qədər ağırdır. Bəzən, özümüzü onların yerinə qoymaqdan belə qorxuruq. Onların acısı, həssasiyyəti başadüşüləndir.

Bəs, məsələ ilə bağlı kiçik bir araşdırma aparmaq niyə çoxluğun ağlına belə gəlmədi?

Hamımıza bəllidir ki, ən ağır cinayətlər törətmiş şəxslərə belə hakim qarşısında söz haqqı, hüquqlarını müdafiə edəcək vəkil verilir, eyni situasiyalarda cəmiyyət “cinayətkara ölüm”, “edam” şüarları ilə çıxış etsə belə. Niyə, heç kim düşünmür ki, bəlkə, məsələ heç də göründüyü kimi deyil? Cavab bəllidir, araşdırmaq çətindir, ittiham etməksə asan.

Göstərdiyimiz nümunə ən ağır situasiyalar üçün idi. Sözügedən məsələnin həssaslığı böyük olsa da, qarşı tərəfi cinayətkar kimi edam kürsüsünə çıxarmaq da doğru deyil axı. Özü də heç bir araşdırma belə aparmadan.

Bu tip hallarda digər bir problem isə araşdırmanın yarımçıq aparılmasıdır. Ona görə də, bu cür həssas məqamlarda maksimum diqqətli olmaq vacibdir. Bir tərəfli höküm vermək haqlı olduqda belə, insanı haqsız duruma salar.

Edilməli olansa bəllidir:

Qarşı tərəfi də dinləmək, hamımızın boynunun qarşısında incə olduğu qanunlara baxmaq, çəkici vurub, qərarı verməyi isə ən sona saxlamaq.

Bizim.media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top