"Media Reyestri güzəştli ipotekadan istifadə hüququ olan jurnalistlərin dairəsini müəyyən edəcək"

MEDİA 28 sen 2022, 14:30
Demokrat.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova Sonxeber.az-ın suallarını cavablandırıb.

- Səbinə xanım, Media Reyestrinin tətbiqi Azərbaycanda informasiya cəmiyyətinin inkişafına hansı töhfələr verəcək?

- Media Reyestri media subyektlərinin statistikası ilə bağlı bugünədək mövcud olan qeyri-müəyyənlikləri aradan qaldıracaq. Media Reyestrinin yaradılması ilə ölkənin media tarixində ilk dəfə olaraq mərkəzləşmiş elektron informasiya bazası formalaşdırılacaq. İstər onlayn, çap və audiovizual media subyektləri, istərsə də informasiya agentlikləri, həmçinin onların redaksiyaları ilə bağlı məlumatlar Reyestrə daxil ediləcək. Reyestr media subyektlərinin statistikası ilə bağlı bugünədək mövcud olan qeyri-müəyyənlikləri aradan qaldırmaqla yanaşı, jurnalistlərin informasiya təminatının yaxşılaşdırılması və media subyektlərinin sağlam rəqabət mühitində fəaliyyət göstərməsinə xidmət edəcək. Belə ki, Reyestr medianın inkişafına yönəlmiş strateji layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarının formalaşdırılmasına şərait yaradacaq.

- Medianın məzmun baxımından keyfiyyətinin artırılmasında Reyestrin hər hansı bir rolu olacaqmı?

- Reyestr imkan verəcək ki, bu gün mediada ciddi problemlərdən biri olan müəllif hüquqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atılsın. Eyni zamanda, Reyestrin yaradılması ilə medianın kontentinin kəmiyyət və keyfiyyət baxımından sağlamlaşdırılmasına nail ola biləcəyik. Çünki Reyestr media subyektlərinin peşəkarlığını, peşəkarlıq isə, öz növbəsində, keyfiyyətli məzmun istehsalını tələb edir. Nəticə etibarilə, sağlam rəqabət mühitinin formalaşacağına ümid edirik və düşünürük ki, Reyestrin əsasında duran tələblər bütövlükdə jurnalistikanın bir sahə olaraq öz gücünü bərpa etməsinə, jurnalistlərin nüfuzunun artırılmasına müsbət təsirini göstərəcək.

- Reyestr jurnalistlərin peşəkar fəaliyyətinə necə təsir göstərəcək və onlara hansı imtiyazları qazandıracaq?

- Bildiyiniz kimi, jurnalistlər könüllülük prinsipi əsasında Media Reyestrinə daxil ediləcəklər və onlara 3 il müddətində qüvvədə qalacaq vəsiqə təqdim olunacaq. Paralel olaraq, media subyektləri öz işçiləri olan jurnalistlərə özlərinə məxsus vəsiqəni verməkdə sərbəstdirlər. Reyestrə daxil olan jurnalistlər bir sıra hüquq və imtiyazlardan yararlana biləcəklər. Belə ki, onlar peşə bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək layihələrin əsas prioritetinə çevriləcəklər. Eyni zamanda, jurnalistlərin əhəmiyyətli tədbirlərdə akkreditasiya prosesi daha da asanlaşacaq, bu da media mənsublarının informasiyaya əlçatanlılığını artıracaq və sürətləndirəcək.

- Bəs jurnalistlərin maddi rifahının yaxşılaşdırılması istiqamətində hər hansı layihələr nəzərdə tutulurmu?

- Bilirsiz ki, jurnalistlərimizin sosial-iqtisadi rifahının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Bu ilin 8 fevral tarixində Cənab Prezidentin imzaladığı müvafiq Fərmanla jurnalistlər güzəştli ipoteka kreditlərindən yararlana bilən şəxslər kateqoriyasına daxil edildi. Media Reyestri güzəştli ipotekadan istifadə hüququ olan jurnalistlərin dairəsini müəyyən edəcək. Eyni zamanda, Reyestr jurnalistika sahəsində sağlam rəqabət mühitinin formalaşmasına da öz töhfəsini verəcək ki, bu da media subyektlərinin biznes strukturları kimi fəaliyyət göstərməsi istiqamətində mühüm addımdır.

Bir sözlə, Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. Reyestrə daxil edilmiş media subyekti və jurnalist artıq hüquqlarının qorunması üçün mühüm istinad nöqtəsinə malik olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top