“İran regionda bütün islam birliyini dağıda biləcək yeganə ünsürdür”

TƏHLİL 27 sen 2022, 19:54
“İranda baş verən hadisələr əsasən kürd bölgəsində başlayıb. Kürdlərin ayağa durmasından sonra bu sıçrayış digər bölgələrə də sirayət etdi. Hətta, soydaşlarımızın yaşadığı Cənubi Azərbaycanda da artıq etiraz dalğası bütün yaşayış məskənlərini bürüyüb. Ancaq məsələ burasındadır ki, ortada təşkilatlanmış və ideoloji nöqteyi-nəzərdən etiraz dalğasını biz müşahidə etmirik. Fikir verirsinizsə, ortada konkret liderlər və konkret ideologiya yoxdur. Bu günə qədər tələblər daha çox sosial-məişət və müəyyən qanunvericilik yönündə  etirazlardan gedir, əxlaq polisinin ləğvindən gedir. Hələlik, siyasi hakimiyyətin, siyasi rejimin ləğvindən birmənalı olaraq getmir. Bu da məsələnin çox ciddi  bir tərəfidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə, İran hakimiyyətinin zor tətbiqindən sonra bu  etiraz dalğasında parçalanmalar, qırılmalar ola bilər:


“Bu şiddət, zor qarşısında hansısa zaman çərçivəsində tükənə bilər. Ən nəhayət bilirsiniz ki, xaricdən bu etiraz dalğasının dəstəyi yoxdur. Çox maraqlıdır ki, dünənə kimi İranla düşmənçilik mövqeyini ortaya qoyan ABŞ ümumiyyətlə səsini çıxartmır. Qadınlar kütləvi olaraq öldürülür, heç bir hüquqi əsas olmadan güllənilir və bu cür kütləvi şəkildə hüquq pozuntuları ortadadır. Demokratların hakimiyyətdə olduğu ABŞ isə səsini çıxartmır. Bu faktın özü də göstərir ki, ABŞ indiki vəziyyətdə İranın dağılmasının və parçalanmasının tərəfdarı deyil. Çünki ABŞ İran kimi bataqlığın qurumasını niyə rəvac versin?! İran əhatə olunduğu bütün müsəlman dövlətləri ilə düşmən səviyyədə mübarizə aparır. İran regionda bütün islam birliyini dağıda biləcək yeganə dağıdıcı ünsürdür. Eyni zamanda, qardaş Türkiyəyə qarşı regionda qoyula biləcək, balanslaşdıra biləcək qüvvədir. Bunlar hamısı ABŞ-ın geosiyasi maraqları çərçivəsindədir. Ona görə də, fikir verirsinizsə, burada hər hansı ciddi dəstəkdən söhbət getmir. Açığı indiki vəziyyətdə soydaşlarımızı o qədər də öz qüvvələrini tamamilə tükədib, gənclərimizi məhvə göndərilməsinin tərəfdarı deyiləm. Çünki o zaman  bu gün deyil. O baxımdan da, elə bir ciddi prespektiv görmürəm. Əgər gələcəkdə həqiqətən də bu proseslər hakimiyyətin nəzarətindən çıxa bilərsə, bu İranın parçalanmasına qədər prosesləri götürə və regionda stabilliyi poza bilər. Bu da regional və qlobal güclərin maraqları çərçivəsində deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top