Media reyestrində müstəsna vacib şərt — etik qaydaların mütləqliyi... Qərəzsiz xəbərçilik əsas olacaq

MEDİA 27 sen 2022, 18:32
Prezident İlham Əliyev imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Fərmanda medianın, media təmsilçilərinin inkişafı ilə bağlı çoxlu sayda bəndlər var.

“Media Reyestrinin aparılması Qaydaları”nın  6.6.11-ci maddəsində qeyd edilir ki, jurnalist fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına əməl etməlidir.  

Qeyd edək ki, reyestrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Jurnalist peşəsi ilə məşğul olan şəxs etik kodeksə əməl etməli, düzgün, qərəzsiz informasiya istehsal etməlidir. Bu qaydalara əməl edilərsə, təbii ki, bu hal cəmiyyətimiz üçün çox faydalıdır.

Elçin Mirzəbəyli: “Peşəkarlığın sərhədlərinin müəyyən edilməsində etik kodeksə əmək etmək mühum əhəmiyyət daşıyır”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, media təmsilçilərinin etik davranış qaydalarına əməl etməsi beynəlxalq təcrübədə də mövcuddur: “Beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş bir kodeks var. Həmin kodeksin müddəaları peşəkar media nümayəndələri tərəfindən əsas götürülür və ona əməl edilir. Ölçü vahidi də məhz etik kodeksə əməl edilib-edilməməsi ilə müəyyən edilir. Peşəkarlığın sərhədlərinin müəyyən edilməsində etik kodeksə əmək etmək mühum əhəmiyyət daşıyır. Bu səbəbdən də peşə kodeksi, peşə etikası, beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da tətbiq edilməlidir. Bu məsələyə yeni yanaşma tərzi də peşəkar media nümayəndələri tərəfindən müəyyən ediləcək”.

Vasif Həsənli: “Fərman Azərbaycan mediasının tam şəkildə etik qaydalar əsasında tənzimlənməsinə, həmçinin peşəkar, dəqiq və qərəzsiz informasiya siyasəti aparmasına gətirib çıxaracaq”

"Demokrat Media"nın direktoru Vasif Həsənli bizimlə söhbətində bildirdi ki, "Media Reyestrinin aparılması Qaydaları" haqqında cənab Prezidentin məlum  Fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması üçün atılan çox vacib addımdır: “İnanıram ki, bu Fərman Azərbaycan mediasının tam şəkildə etik qaydalar əsasında tənzimlənməsinə, həmçinin peşəkar, dəqiq və qərəzsiz informasiya siyasəti aparmasına gətirib çıxaracaq. Cənab Prezidentin 26 sentyabr tarixindəki Fərmanı həm də jurnalistlərimizin sosial vəziyyətinin yaxşılaşmasına böyük təkan verəcək. Xüsusilə də evsiz jurnalistlərimiz artıq yaxın vaxtlarda güzəştli ipoteka kreditlərindən rahat yararlana biləcəklər. Eyni zamanda, Media Reyestrinin işə düşməsi ilə yaxın gələcəkdə jurnalistlərimiz digər dövlət imtiyazlarından, o cümlədən ictimai nəqliyyatdan və s. yararlana biləcəklər. Bütövlükdə, bu Fərman Azərbaycan mediasının sürətlə peşəkarlaşmasına və nüfuzlanmasına xidmət edir. Çünki indiyədək Azərbaycanda istənilən şəxs özünə "jurnalist" deyə bilirdi, yazıçı da, bloger də özünü "jurnalist" adlladırırdı. Amma "Media Reyestrinin aparılması Qaydaları" haqqında cənab Prezidentin Fərmanından sonra artıq jurnalistikamızın sərhədləri tanınacaq, ölkəmizdə nə qədər jurnalist var, onun dəqiq sayı məlum olacaq. Bilirsiniz ki, sosial şəbəkələrin geniş vüsət aldığı indiki dövrdə etik kodeksə əsaslanan peşəkar media siyasətinin aparılması günümüzün ən aktual məsələsinə çevrilib. Çox təəssüf ki, bəzi hallarda sosial şəbəkələrdə yayılan hər hansı feyk xəbərlərinin toruna düşə bilirdik. Bunun da başlıca səbəblərindən biri sosial media ilə jurnalistikanın sərhədlərinin qarışıq düşməsi idi. Düşünürəm ki, bundan sonra jurnalistlərimiz yalnız "Media haqqında" qanunun tələblərinə, həmçinin, etik kodeksə əməl etməklə, doğru və qərəzsiz informasiya istehsal etməklə bu cür vəziyyətlərdən çıxa biləcəklər. Nəticədə isə bu, dövlətimiz və cəmiyyətimiz üçün faydalı olacaq. Eyni zamanda bununla Azərbaycan mediası daha da peşəkarlaşacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top