“İranın siyasi hakimiyyətinin çöküşü daha da sürətlənəcək” — MÜSAHİBƏ

MÜSAHİBƏ 26 sen 2022, 15:38
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəylinin Demokrat.az-a müsahibəsi:

- Sadiq bəy, İranda nə baş verir? 

- İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə ciddi etirazlara səbəb oldu. Məhsa Əminiyə əxlaq polisi tərəfindən işgəncə verildi və bunun nəticəsində isə onun beynində qanaxma olur və bu qanaxmadan da həyatını itirirdi. Bu barədə ölkədə xəbərlər yayılır, lakin hakimiyyət onu təkzib edir. Yəni, hakimiyyət hadisəni təhrif etməyə çalışır və bildirir ki, guya onun ürək xəstəliyi var idi və infarkt keçirib. Amma həkimlərin, mütəxəssislərin araşdırmalarında onun başındakı qanaxmadan dolayı həyatının itirildiyi bildirilib. Təbii ki, bu xəbər yayılanda da insanlar təpki göstərir. İnsanlar bundan təsirlənir və bu qədər qanunsuz bir məmləkətdə yaşadıqlarına etiraz edirlər. 

- Artıq insanlar uzun illərdir ki, bu rejimdə yaşayırlar…

-  Nəzərə alsaq ki, İran adlanan ölkədə 43 illik siyasi hakimiyyət  bir ideoloji rejimdir, onun qadınlara tətbiq etdiyi qaydalar isə şəriət qanunlarıdır. Bu şəriət qanunları qadınların həyatına ancaq mənfi təsir göstərib. Onların hətta azad geyim hüquqlarını əlindən alıb. Onların yüksək səviyyədə vəzifə tutması hüququnu da əlindən alıbdır. Bir qadın orada prezident ola bilməz, məhkəmədə hakim ola bilməz. Şəriət qanunlarına görə qadının belə hüququ yoxdur. Onlar deyirlər ki, qadının ağıl səviyyəsi, şüurluq səviyyəsi bu həddə deyil ki, gəlsin prezident olsun, məhkəmə də hakim olsun. Yəni, qadınlar hər yerdə ayrı seçkililklərə məruz qalırlar. Hər hansı bir işlə təmin olunmalarında da ayrı seçkiliklərə məruz qalırlar. Təbii ki, özəlliklə gənc nəsil bu basqıcı, ideolojik şəriət əsasında qadınlara qarşı tətbiq edilən siyasətdən beziblər, yorulublar. İstəmirlər ki, bu davam etsin. Deyirlər ki, bizim hüquqlarımız insan haqlarıdır, insan hüququdur. Bu insan hüquq azadlıqlarına görə qanunlar yazılmalıdır. Onun əsasında o qanunlar tənzim olunmalıdır və hakimiyyət istədiyi qanunları qadınların əleyhinə yaza bilməz. Onların ailə qurmalarında da, onların boşanma məsələlərində də problemlər var. Yəni, bir qadının boşanma haqqı yoxdur. Nələr baş verə ki, onu gedib sübut edər məhkəmələrdə və o, boşanma haqqını qazana bilər. Yəni, o qədər çətin prosedurlar qoyublar ki, bu şəriət qanunlarında və qadın heç bir hüququndan faydalana bilməsin. Ailədə, toplumda, idarələrdə və digər yerlərdə öz hüquqlarından yararlana bilmirlər. Təbii ki, bu, çox acınacaqlı və çox ağır bir durumdur onlar üçün.


-  Qadınların əsas etirazlarının səbəbi yalnız hüquqlarının əlindən alınması ilə bağlıdırmı, yoxsa burada digər səbəblər də mövcuddur?

- Sözsüz ki, bu sadaladıqlarım özəlliklə qadınları yorur. Bu haqsızlıqlar, basqı siyasəti, qadınlara uyğulanan bu siyasət onların bütün həyatını alt-üst edib. Bu kimi hadisələr olanda da istər-istəməz qadınlar üsyan edir. Etiraz edirlər ki, buna səbəb olan amillər aradan qaldırılmalıdır. Bu siyasət, şəriət qanunları dəyişilməlidir, qadın və kişi arasında hüquqlar bərabər olmalıdır. Amma, bu cür ideolojik rejim olduğuna görə, heç bir qanunun dəyişikliyi etmir və getdikcə daha da ağırlaşdırır. Hətta, azyaşlı qızların evlənməsi ilə bağlı qanunda müəyyən yaşın azaldılmasını da hələ yazırlar. Məsələn, 13 yaşında qız ərə gedə bilər. Digər məsələ isə qadınların təhsili ilə bağlıdır. Qadınlar ancaq ailə qurduğu şəxsin icazəsiylə xaricə səfərə, təhsilə və hər hansı bir yerə gedə bilər. Qadınları basqı altında saxlamaq İran adlanan o siyasi, ideolojik hakimiyyətin artıq normal bir həyat tərzinə çevrilmiş siyasəti olub və indiki gənc nəsil də bu siyasəti qəbul etmir. Qanunsuzluqlar, ədalətsizlik o qədər çoxdur ki, qadınlarla bağlı istənilən haqsızlıq da böyük bir etiraza səbəb olan amil kimi göstərilə bilir. Gənc xanımın da öldürülməsi bu amillərdən biri kimi göstərilib. Amma, bunun təbii ki, çox genişmiqyaslı digər səbəbləri də var.

-    Burada hansı səbəbləri qeyd edərdiniz?

-    İranda siyasi hakimiyyət hər hansı bir islahatın aparılmasında maraqlı deyil, qanunların dəyişməsində də maraqlı deyil. Əsas problemlər yerində qalır və onların həlli üçün də heç bir iş görülmür. Ona görə də, ölkədə yoxsulluq, işsizlik, özəlliklə oxumuş gənclərin işsizliyi və digər səbəblər də bura daxildir. İqtisadi yoxsulluqlar kimi məsələlər də mövcuddur. Təbii ki, bunların hamısı da əl-ələ  verib və toplumun etirazına səbəb olub.

-  İllərdir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar ölkəyə necə təsir edib?

- Bu rejimin öz statistik məlumatları budur ki, bu embarqoların təsiri 15 faizdir. Qalanı  isə hakimiyyətdə olan rüşvətxorluqlar, haqsızlıqlar, büdcənin mənimsənilməsi, qanunsuzluqlar və ümumiyyətlə, ölkənin ictimai-siyasi, iqtisadi idarə olunmasında  baş verən özbaşınalıq nəticəsindədir. Təbii ki, bunların aradan qaldırılması məsələsi də demək olar ki, mümkün deyil. Çünki bu hakimiyyətin içindəki mövcud olan mafiya qrupları bütün sərvəti, bütün imkanları, bütün siyasi nüfuzlarını ancaq öz maraqları çərçivəsində istifadə edirlər. Və bu maraqlar çərçivəsində istifadə olunan bu qədər sərvət o toplumun ümumiyyətlə normal yaşayışına çox ciddi mənfi təsir göstərir. Qeyd etdiyimiz kimi, yoxsulluq, işsizlik gənclərin ölkədən qaçmasına və digər iqtisadi çöküşünə də səbəb olur. Gerçəkdən baxanda görəndə ki, nə qədər işsiz var, nə qədər yoxsul var, nə qədər insanların içində gərginlik var, sabaha ümidsizlik var və bu dözülməz bir həyat şəraitinə gətirib çıxaran bir durumu özündə əks etdirir. Görürük ki, burada olanlar Amerikanın embarqosu ilə bağlı məsələ deyil. Əslində hakimiyyətin mahiyyəti, onun ideolojik siyasi sistemindəki qanunsuzluqlar, ədalətsiz yanaşmalar, vətəndaşa olan ögey münasibətlərdir ki, belə bir ağır durumu bu ölkədə göstərir və ağır durum, şəraiti o insanlara uyğulayır. Bu mənada bunu bəhanə etmək ki, Amerikanın embarqosu, Amerikanın İrana olan siyasəti nəticəsində vətəndaşların yoxsulluğu, çətinlikləri meydana gəlibdir, bu hardasa ən azı onların dediyinə görə belə deyil. 

-    Sizcə, ABŞ İranda rejimin dəyişilməsində maraqlıdırmı?

-    ABŞ hər zaman elan edib ki, bizim belə bir marağımız yoxdur ki, İranda hər hansı rejim dəyişilsin, buna qarşı bir kəskin basqıcı siyasət uyğulansın və yeri gələndə də görmüşük ki, Amerika yumşaqlıqlar göstərib ki, İran tutduğu bəzi ideoloji və siyasi mövqeyindən geri çəkilsin, nüvə anlaşması məsələsində. Amma, İran nüvə məsələsində, onun müzakirələrində də biz hər zaman görmüşük ki, çalışır ki, kifayət qədər ciddi imtiyazlar alsın. O imtiyaz alam siyasəti nəticəsində,  Amerika dövlətinin yumşaqlığı nəticəsində Barak Obama dövründə 150 milyard dollar bu rejimə pul ödəndi. Amma, bu pulların heç biri vətəndaşların rifahına xərclənilmədi, onların işsizliyinin aradan qaldırılmasına xərclənilmədi. Əksinə, yenə də bu hakimiyyətdə olan mafiya dəstəsi o pulları mənimsədilər və ondan öz xeyirlərinə istifadə etdilər. Bu gün Amerika yaptırım uyğulayır və istəyir ki, molla rejimi devrilsin və ona çalışır. Bu hardasa araşdıranda görürsünüz ki, belə bir fakt sadəcə mətbuatda İran adlanan ölkənin mətbuatında özəlliklə səslənən fikirdir ki, Amerika dövləti İranın müstəqil siyasi rejiminin tutumunu bəyənmir və onu devirmək istəyir və s. Amma bunların hamısı cəfəngiyatdır və yalandan başqa bir şey deyil. Çünki biz İran adlanan ölkənin, hətta qonşularına uyğuladığı siyasətini götürsək, İraqda, Livanda, Suriyada, Yəməndə terror şəbəkələri qurub və bu terror şəbəkəsinin təxribatları uyğuladıqları siyasət, apardıqları terror Amerikadan imtiyaz alma məqsədilə qurulub. Elə  bu məqsədə çatmaq üçün də zaman-zaman onlardan müxtəlif formada istifadə edir. Biz görürük ki, ABŞ-ın xarici siyasətində, özəlliklə demokratların hakimiyyətə gəldikləri dönəmlərdə o imkanları, İranın imtiyaz alma siyasətinə çox yumşaq davranılır və bəzi hallarda da güzəştə gedilir. Görürsünüz ki, dəfələrlə bu nüvə sazişi məsələsində, nüvə anlaşmasında müzakirələr gecikdirildi, ona bir sıra əngəllər törədildi İran tərəfindən və çalışdılar ki, bu olmasın. Amerika nə qədər basqı uyğulasa da ki, bu tezləşsin, ancaq bu da olmadı və hələ də İran çalışır ki, ondan imtiyaz alsın. Siz görürsünüz ki, Amerikanın bu barədə siyasəti İranla çox yumşaqdır. Heç də onun rejiminin dəyişilməsində, devrilməsində maraqlı deyil. Burada əsas məqam bu siyasi hakimiyyətin, İranın  43 illik vətəndaşlara uyğuladığı siyasətin iflasa uğraması nəticəsində bu etirazlar baş verir. Bu, etirazlar kütləviləşib. 

-    Nəzərə alsaq ki, İran ölkəsi çoxmillətli ölkədir…

-     Bəli, orada Azərbaycan türkləri yaşayır, qaşqay türkləri, türkmənlər, ərəblər və s. yaşayır. Təbii ki, bu millətlərin də təməl hüquq azadlıqları, özəlliklə də ana dilində təhsil, milli kimlik məsələsi kobud sürətdə pozulur. O hüquqlar haqlar inkar edilir, onlara qarşı ayrı seçkilik siyasəti aparılır. Təbii ki, bütün bunların hamısı ona gətirib çıxarır ki, İranda bütünlüklə narazılıqlar var və bu narazılıqların zaman-zaman etiraza dönüşməsi məsələsi qaçılmazdır, getdikcə də etirazlar böyüyə bilir. Bəli, bu rejim üçün təhlükəli siqnal ola bilir. Son günlərdə gördüyümüz bu etiraz dalğalarının böyüməsi də elə bu kimi səbəblərdən qaynaqlanır. Görünür ki, artıq bundan sonrakı mərhələlərdə bu rejim çox ağır şəraitlə üz-üzə qalacaq və etirazların səngiməməsi nəticəsində bu rejimin çökməsi və dağılması da söz konusu ola bilər. Bir səbəbi də qeyd etmək lazımdır ki, ümumiyyətlə biz rahatlıqla deyə bilərik ki, İran adlanan ölkənin artıq ideolojik siyasi çöküşü başlayıb. Bu proses davam edəcək, hətta bu etirazların qarşısında basqıcı polis gücündən istifadə edib durdura bilsə də, bundan sonrakı İran adlanan ölkənin durumu artıq bu etirazlardan öncəki bir durum olmayacaq. Əgər orada vətəndaşların etirazları bu rejimi bir addım geri püskürtsə, təbii ki, bu rejim artıq dağılma ərəfəsinə gedəcək və orada da bir çox məsələr var, o cümlədən də qeyri-fars millətlərinin milli azadlıq hərəkatları və bu hərəkatların güclənmə məsələsi, bu hərəkatların daha ciddi meydana gəlmə məsələsi və təbii ki, o istiqamətdə də sürəclərin, proseslərin mahiyyəti yeni bir forma alacaq. İranın siyasi hakimiyyətinin, mərkəzi hakimiyyətinin basqıcı gücünün zəifləməsi və çöküşü daha da sürətlənəcək.

Aynurə Pənahqızı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top