İlham Əliyev: "Azərbaycan-Vyetnam əməkdaşlığı son otuz ildə yüksələn xətt üzrə inkişaf edib"

XARİCİ SİYASƏT 23 sen 2022, 18:46
"Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulub".

Demokrat.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə vyetnamlı həmkarı Nquyen Suan Fuka göndərdiyi təbrik məktubunda yer alıb.

Azərbaycanın Vyetnam ilə münasibətlərə böyük əhəmiyyət verdiyinin vurğulandığı təbrikdə deyilir: “Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar olduğunu qeyd edən dövlətimizin başçısı inandığını bildirib ki, “dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top