Vüqar Rəhimzadə: Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir

QARABAĞ 22 sen 2022, 17:50
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il avqustun 26-da  rəsmi “Tvitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Otuz il torpaq həsrəti ilə yaşayan, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunacağı, öz doğma yurd-yuvalarına qayıdacaqları günü hər zaman səbirsizliklə gözləyən soydaşlarımız, bütün Azərbaycan xalqı belə xoş müjdəli xəbərləri  44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı İlham Əliyevin dilindən eşidirdi. Həmin günlərdə Müzəffər Ali Baş Komadanın xalqa müraciətlərinin, paylaşımlarının hər biri torpaqlarımızın işğaldan azad edilməsi xəbəri ilə başlanırdı. 44 gündə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dünyaya səs salan,  dastana çevrilən əfsanəvi Şuşa əməliyyatından sonra mənfur düşmən diz çökdü. Bunun məntiqi nəticəsi olan 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının  təsdiqi, dünyaya təqdimatı oldu. Müharibədən ötən son iki il isə  üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi mərhələsidir.  Bu Bəyanata uyğun olaraq  Kəlbəcər, Ağdam və Laçının  bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin,   siyasi-diplomatik fəaliyyətinin təntənəsi, tarixi hadisə kimi yaddaşlarda qaldı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  sentyabrın  21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında  keçilən yolun təhlili əsasında bir daha bu əminliyi ifadə etdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.”

  Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

  Vüqar Rəhimzadə qeyd edib ki, iki ilə yaxın dövrdə  işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı   bərpa-quruculuq işləri həyata keçirilir:  “Qısa müddətdə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil.  Bircə faktı qeyd etmək kifayətdir ki, artıq Qarabağdan   dünyaya hava qapısı açılıb, yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının  istifadəyə verilməsi ilə bu  mühüm hadisəni  Şərqi Zəngəzur da yaşayacaq.  Üçüncü  hava limanı üçün məkanın Laçın rayonunun ərazisinin seçilməsi də təsadüfi deyil. Bu, həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir.  Laçın Beynəlxalq Hava Limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.  Diqqəti daha çox Beynəlxalq Hava limanlarının tikintisinə və istifadəyə verilməsinə yönəltməyimiz səbəbsiz  deyil. Avtomobil, dəmir yolu və  hava limanları özlüyündə həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıqda  iqtisadi və siyasi  yol xəritəsinin   təqdimatlarıdır. Bu yollar  artıq sahibinə qovuşan  torpaqlarımızı  böyük investisiyalar məkanına çevirəcək,   onların turizm imkanlarından səmərəli istifadə etməklə  ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaranacaq. Ən əsası Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi  tarixi Zəfərimizin  dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə öz töhfəsini verir. Bu gün Zəfər yolu 30 illik torpaq həsrətinə son qoyulan  xalqımızı  mədəniyyət paytaxtımız Şuşa ilə birləşdirir.  Görülən işlərin əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, indi isə Laçın şəhərini bərpa etmək vaxtı çatıb və artıq buna hazırlıq görülür. Laçın rayonuna səfəri zamanı hazırlıq işlərindən danışan dövlət başçısı İlham Əliyev  bildirdi ki,  avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və  Sus kəndləri  yenidən qurulacaq. Bütün bunlar bir daha sübut edir ki, hədəflərə  tez bir zamanda nail olmağımız üçün mühüm əsaslar mövcuddur.”

 “Torpaqlarımızın 30 il işğal altında qalmasına, bu müddətdə xalqımızın   əzab-əziyyət içində  yaşamasına, tarixi və dini abidələrimizin məhv edilməsinə, bu ərazilərimizin ermənilər tərəfindən illərdir erməniləşdirilməsi üçün   izlərimizin silinməsi istiqamətində  göstərilən səylərə  baxmayaraq Azərbaycan  dünya hərb tarixində  bəlkə də  nadir hal kimi dəyərləndirilən addımı ataraq   təcavüzkar dövlətə sülh təklifini etdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri   diqqəti Müzəffər Ali Baş Komandanın çıxışında  yer alan  mühüm  mesajlara yönəldib: “İki ilə yaxın dövrün reallıqları sübut edir ki,  Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Düşmənin bu niyyətini ifşa etmək üçün son iki ayda Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların miqyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı çıxışında bu statistikanı  açıqladı ki,   müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.  Azərbaycana  qarşı müharibə davam edir.

 Törədilən təxribatların qarşısının qətiyyətlə alınması  bir daha  Ermənistana və ona dəstək verən bəzi dünya güclərinə xatırladır ki, Azərbaycan heç vaxt ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan addımları cavabsız qoymayacaq.  Ermənistanda  mütəmadi olaraq  baş qaldıran revanşist qüvvələr “Dəmir yumruq”la yanaşı,  “Qisas” və sonuncu Parlaq Qələbə əməliyyatlarını da unutmamalıdırlar.”

 Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, orada dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etməsin və dünya güclərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesajlarını çatdırmasın: “Bu, bir reallıqdır ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək  məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri  fəaliyyətlərini vəzifələrinə uyğun həyata keçirsəydilər, ən əsası BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi baş verməzdi. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bu məqamı xüsusi vurğuladı ki,  beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri edilmədi, əksinə, işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.”

    “Artıq Qarabağ münaqişəsi  tarixə qovuşub, bugünümüzün tamamilə fərqli çağırışları  mövcuddur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir: “Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana Azərbaycan sülh təklifini edir, ona son şansı verir, təcavüzkar dövlət isə yenə də himayədarlarına arxalanıb    sülh müqaviləsini imzalamaq istəmir.  Keçirilən görüşlərdə  irəli sürülən şərtlər Ermənistan rəhbərliyi tərəfindən   qəbul olunur, sülh   müqaviləsinin  imzalanması üçün danışıqlara başlamağın  zəruriliyi bildirilir, konkret məqam yetişəndə isə erməni silahlı qüvvələri sərhəddə  təxribatlar  törədirlər.  Ermənistanın bu gün də yaddaşında   işğal dövründəki ərköyünlüyü qalıb. Təcavüzkar dövlət  ona uyğun hərəkət etmək istəyərkən unutmamalıdır ki,   Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarındakı, 90-cı illərinin əvvəlindəki   Azərbaycan deyil. Torpaqlarımız 30 il işğal altında olan zaman xalqımız dünyadan  ədalət gözlədi. Sonda bu ədaləti,  beynəlxalq hüququ bərpa edən Azərbaycan dövlətinin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz oldu. Dövlət başçısı İlham Əliyevin Laçından səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq” çağırışı da Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. Yeni reallıqları yaradan,  postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycanın  öz ərazi bütövlüyünü qoruması onun beynəlxalq hüquq normalarında təsbit edilmiş suveren hüququdur. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli  bayrağımızın dalğalanması qürurumuzun,  Zəfərimizin rəmzidir.”

  Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Bu səfərlər çərçivəsində atılan addımlar tarixi Zəfərimizin təqdimatı, Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir: «Erməni vəhşiliklərinin, vandalizminin  şahidləri olan bu torpaqlarımız qısa zamanda Azərbaycanın öz daxili imkanları hesabına  cənnət məkana çevriləcək.  Ölkə Prezidenti Laçın rayonuna səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Bəli, göründüyü kimi, bu gün torpaqlarımız dağıntılardan xilas olub quruculuq mərhələsini yaşadıqları üçün sanki sevincdən dil açırlar. Tariximizin 30 illik işğal dövrü heç zaman unudulmayacaq.  Şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün tarixi torpaqlarımıza qovuşmuşuq. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb.”

 “Tezliklə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə dönüşün başlayacağı, Kəlbəcər və Laçına salınan çoxsaylı yolların ərazidə dinamik həyat yaradacağı günümüzün reallıqları sırasında olacaq.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın rəsmi “Instagram” səhifəsində paylaşımında yer alan  “Ay Laçın, Can Laçın 21.09.22” fikirləri özündə bütün məqamları birləşdirir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top