“Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda dövlət çevrilişinə çalışdılar — Vahid Əhmədov

DAXİLİ SİYASƏT 20 sen 2022, 15:57
“Azərbaycan üçün “Əsrin müqaviləsi”nin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili vurğulayıb ki, 1994-cü ilin 20 sentyabrında müqavilə imzalanandan sonra bir sıra çaxnaşmalar oldu:

“Çalışdılar ki, Azərbaycanda dövlət çevrilişi etsinlər. “Əsrin müqaviləsi” çox ağır bir dönəmdə imzalanıb. Həmin müqaviləni imzalayan dövlətlər arasında çox ciddi əməli şirkətlər fəaliyyət göstərirdi. Yəni, o şirkətlər ki, dünyada bir sıra dövlətlərdə təsir imkanları kifayət qədər böyük idi. Yəni, ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə və digər dövlətlərin deyərdim ki, bu müqavilə imzalanmasında xidmətləri var və müqaviləyə imza atıblar. Ona görə də, bu müqavilənin imzalanması 1994-cü ilin 20 sentyabrında məhz ulu öndər Heydər Əliyevin dövründə baş verdi. Bəzi vaxt sual verirlər ki, niyə məhz bu müqavilə imzalandı, həmin vaxt sabitlik yox idi, dövlət çevrilişlərinə cəhd çox idi? Birincisi, Heydər Əliyevin siyasəti çox güclü idi. Sovet vaxtında onu dövlət rəhbərləri kifayət qədər tanıyırdılar. Ona görə də, ona inanıb bu müqaviləyə imza atdılar. Bundan sonra Azərbaycanın həm müstəqilliyinin qorunub saxlanılmasına, həm sabitliyə bu müqavilənin imzalanması, yəni ora imza atan şirkətlərin böyük rolu olmuşdur. Ona görə də, bu müqavilə siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir”.

Deputat əlavə edib ki, iqtisadi cəhətdən də “Əsrin müqaviləsi”nin əhəmiyyəti böyükdür:

“1994-cü ildə Azərbaycanda kifayət qədər iqtisadiyyat zəif idi. Bizim demək olar ki, ehtiyyatımız yox idi. Hətta müəyyən qədər ərzaqla təmin etməklə bağlı Azərbaycanın problemləri var idi. Müqavilə imzalanandan sonra, hardasa 2000-ci ildən sonra artıq Azərbaycana vəsait daxil olmağa başladı. Müqavilə fəaliyyət göstərdiyi dövrdə, bu gün də fəaliyyət göstərir, təxminən 240 milyard dollara yaxın vəsait Azərbaycana daxil oldu. Bu müqavilə imzalanmasaydı, bu gün Azərbaycanda bu layihələri həyata keçirmək mümkün deyildi. İnfrastruktur layihələridir, sudur, qazdır, işıqdır, yollardır və s. bu layihələr hamısı məhz o müqavilənin sayəsində mümkün olub. Müqavilənin iqtisadi cəhətdən əhəmiyyəti kifayət qədər böyükdür. Bu gün Azərbaycana təxminən 55-56 milyard dollara yaxın ehtiyatı var. Elə bir ciddi problem yoxdur. Müqavilənin əsas imzalanmasından sonra Azərbaycana Ordusuna kifayət qədər vəsait ayrılıb, silah-sursatlar Azərbaycana gətirilib. Beynəlxalq dünyada məşhur olan silahlar bu gün Azərbaycanda var. Məhz 44 günlük müharibədə Ermənistana biz qalib gəldik və torpaqlarımız işğaldan azad olundu. Bütün bunlar “Əsrin müqaviləsi”nin nəticəsindədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top