“Paşinyanın devrilməsinə hazırlıq gedir”

MÜSAHİBƏ 18 sen 2022, 15:17
Ermənistanda bir neçə gündür ara qarışıb. Baş nazir Nikol Paşinyanın parlamentdə "Azərbaycanla sənəd imzalamağa hazırlaşırıq" bəyanatından sonra axşam saatlarında insanlar paytaxt İrəvanın küçələrinə tökülüblər. Etirazçılara hərbçi olan övladlarından xəbər ala bilməyənlər də qoşulublar. "Nikol xaindir", "Nikol, rədd ol", "Nikol, get" deyən etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insidentlər yaşanıb. Aksiyalar hələ də davam edir və genişlənməkdədir. 

Etirazların alovlanması Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhədin Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribatlarla əlaqəli baş verən döyüşlərdən sonraya təsadüf etdi. Azərbaycan Ordusunun təxribatlara sərt cavabı ilə Ermənistan, rəsmi məlumatlara görə, 140-dan çox, qeyri-rəsmi məlumatlara əsasən isə 400-ə yaxın canlı qüvvə, dəyəri milyonlarla ölçülən hərbi texnika itirib. 

Belə bir vəziyyətdə Paşinyanın "Azərbaycanla sənəd imzalamağa hazırlaşırıq" deməsi və bu tipli yumşaq açıqlamaları erməni cəmiyyətinin hiddətinə səbəb oldu. Düzdür, Paşinyan sonradan dediklərini təkzib etdi, amma cəmiyyət Nikolun satqın olduğu qənaətindədir.

Baş verənlərlə bağlı ekspertlər müxtəlif fikirdədirlər. Bəzi analitiklər hesab edirlər ki, Moskva ilə məsafəli davranan Paşinyan hakimiyyətini Rusiya devirməkdə israrlıdır və elə bu etiraz aksiyaları Kreml üçün fürsətdir. Bəziləri isə ümumiyyətlə, hərbi təxribata göstəriş verənin, təşkilatçının məhz Rusiya olduğunu söyləyirlər. Belə mülahizələr irəli sürülür ki, Rusiya Ermənistanın ağır itkiyə məruz qalacağını, nəticədə Paşinyana qarşı etirazların artacağını hesablamışdı.

Ermənistanda gedən gərgin proseslər, Paşinyan devrilərsə, vəziyyətin necə olacağı, Azərbaycanın çıxarlarına nəyin xeyirli olduğu barədə AYNA-nın suallarını beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli cavablandırıb. Analitikin sözlərinə görə, hazırda Ermənistanda Paşinyanın istefası üçün daxili şərait yetişdirilir: 

- Hesab edirəm ki, sərhəddəki toqquşmadan müxalif qüvvələr istifadə edib onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Hətta bunun üçün yeni müharibəyə də cəhd göstərə bilərlər. Məsələn, Ermənistanın Təhlükəsizlik Şurası belə qərara gəlib ki, könüllü döyüşmək istəyənlər komissarlığa müraciət etsinlər. Belə bir qərar, müraciət varsa, deməli, Ermənistan toqquşmaların davam etməsində qərarlıdır. Maraqlıdır, məqsəd nədir? Təbii ki, Ermənistanın məqsədi Azərbaycanla müharibə etmək, qalib gəlmək ola bilməz. Onlar yaxşı dərk edirlər ki, bu, mümkün deyil. Peşəkar ordusu hesab etdikləri silahlı qüvvələri qalib gələ bilmədisə, qeyri-peşəkarlardan, könüllülərdən ibarət ordu ilə necə qalib gələcəklər? 

- Bəs məqsəd nə ola bilər?

- Məqsəd bu ola bilər ki, döyüşün nəticələrinə uyğun olaraq, Paşinyanı devirmək üçün daha güclü əsas olsun. Onsuz da Nikolun əleyhinə işləyən məqamlar çox idi. Son döyüşlərdən sonra etirazlar daha da genişləndi, narazıların sayı artdı. Hətta "Razdan" medanında keçmiş Prezident Robert Köçəryanın rəhbərliyi ilə alternativ hökumətin işartılarını görməkdəyik. Bu amillər Paşinyanın devrilməsi prosesinin getdiyinə işarədir. 

Amma başqa bir məqamı da qeyd etmək lazımdır: müdafiə naziri Papikyanın könüllülərə müraciəti ola bilsin ki, Paşinyanı İrəvanda müxalifətin hücumundan qorumaq məqsədilədir. Yəni mülki tərəfdaşlarının silahlı şəkildə dəstəyə çevrilməsi, bununla Baş nazirin təhlükəsizliyini qorumaq istəməsi də mümkündür. Nəzərə alsaq ki, erməni müxalifəti də yarımhərbi dəstədir, silahları var, bu versiya ağlabatandır. 

Maraqlı nüansdan biri də odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan rəhbərliyinin müraciətinə müsbət reaksiya vermədi. Amma köməklikdən imtina da etməyib. Bölgəyə KTMT-nin missiyası gəlib, onlar hesabat hazırlayacaqlar. Düzdür, hesabat Azərbaycanla sərhəd məsələsinə hesablanıb. Amma əslində, ölkənin daxilindəki durumu da KTMT gözardı etməyəcək. Məsələn, KTMT qərar verə bilər ki, Ermənistandakı siyasi sabitliyi qorumaq adı ilə İrəvana qüvvələr yeritsin. Yaxud Gümrüdəki 102-ci Rusiya bazası KTMT qüvvəsi funksiyasını üstlənə, İrəvanda çevrilişə cəhdin qarşısını ala bilər. Bir növ, yanvar ayında Qazaxıstandakı proseslərə müdaxilə variantından istifadə olunması mümkündür. Bununla, hətta, Ermənistandakı proseslər vətəndaş müharibəsi ilə sonuclana bilər. 

- Amma mitinqlərdə, gərginlikdə və Paşinyanın devrilməsində Rusiyanın maraqlı olduğu deyilir. Hətta sərhəddə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatların arxasında Moskvanın dayandığı fikirləri var. Belə ehtimal olunur ki, Kreml toqquşmada Ermənistan ordusunun bir daha belinin qırılacağını, bunun Ermənistan daxilində etirazlara səbəb olacağını hesablamışdı. Və bununla Rusiya inqilabla Paşinyanın devrilməsini, bir müddət əvvəl Qarabağa göndərdiyi milyarder Ruben Vardanyanı hakimiyyət başına gətirməyi planlayıb...

- Mənə görə təxribatın arxasında Rusiya dayanmayıb. Düzdür, bundan Rusiya öz maraqları üçün istifadə edir, yəqin ki, edəcək də. Amma belə bir təxribat həm də Qərbə lazım idi. Bununla Rusiyaya qarşı ikinci cəbhənin açıla biləcəyini güman edirdilər. Eyni zamanda, Ermənistanın KTMT-yə müraciət edəcəyini Qərb hesablamışdı. Ona görə də planın arxasında KTMT-nin heç nəyə yaramayan, gülünc bir təşkilat olduğunu göstərmək istəyirdilər. Hansı ki, bunu Qərb bacardı. Daha bir məqam odur ki, bununla Ermənistan cəmiyyətini anti-Rusiya əhvalına kökləyirlər. Bu ehtimallar gözardı edilməməlidir. 

Daha bir nüans odur ki, Ermənistanın Azərbaycanla sərhəddə genişmiqyaslı təxribatı ABŞ-ın rəsmi nümayəndəsi Flip Rikerin bölgəyə gəlişindən, Ermənistana səfərindən bir gün sonraya təsadüf etdi. Bu, təsadüfdürmü? Məncə, təsadüf deyil. 

Vardanyan məsələsinə gəlincə, bu şəxs Rusiyanın Qarabağ məsələsinə görə ortaya çıxardığı bir fiqurdur, layihədir. Bu layihənin gələcəkdə hansı məqsədlə istifadə ediləcəyinin şahidi olmasaq, daha yaxşı olar. Amma hiss olunur ki, Rusiyanın Vardanyanla bağlı yaxşı olmayan planları var. 

- Sizcə, Paşinyan istefaya gedəcəkmi?

- Paşinyanın istefaya gedib-getməyəcəyini dəqiq söyləmək çətindir. İnqilab olacaqmı? Əlbəttə, mümkündür. Belə bir fikir var: "inqilab birinci öz övladlarını yeyir". Paşinyan hakimiyyətə inqilabla gəlib. Onun inqilabı indi onu yeyə bilər. Nikolun inqilabla devrilməsi mümkündür. 

- Azərbaycana Paşinyanın devrilməsi, yoxsa hakimiyyətdə qalması sərf edir?

- Əlbəttə, hazırda Paşinyanın hakimiyyətdə qalması bizə sərf edir. Çünki Nikol Azərbaycanla danışıqlara gəlir, masaya əyləşir. Onunla danışıq aparmaq mümkündür. Erməni müxalifəti ilə danışmaq bir qədər zamanımızı ala bilər. Bütün hallarda isə Ermənistan elə durumdadır ki, orada hakimiyyətə kim gəlir-gəlsin, 44 günlük müharibənin nəricələri ilə razılaşmaq məcburiyyətində olacaq. Sadəcə hansısa sənədi imzalamağa konkret tərəfdaş tapmaqda çətinlik çəkəcəyik. Xaos içərisindəki Ermənistanda vahid mövqenin yaranması çətin olacaq. Ona görə də, Paşinyanın hakimiyyətdə qalması Azərbaycan üçün daha məqbuldur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top