“Həmkarlarımızı həssas davranmağa, rəsmi mənbələrə istinad etməyə çağırırıq” — Əflatun Amaşov

SOSİAL MEDİA 13 sen 2022, 10:49
Azərbaycan Mətbuat Şurası Azərbaycan mediasının Ermənistan-Azərbaycan dövlət sərhəddində yaşanan gərginliklə bağlı məsələləri işıqlandırmasını diqqətdə saxlamaqdadır. 

Hiss etdiyimiz və gördüyümüz qədərilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də öz növbəsində cəmiyyətin məlumatlandırılmasını kifayət qədər operativ həyata keçirməkdədir.  

Qurum Ermənistan KİV-ləri  və sosial media seqmenti tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalara dərhal reaksiya verir.

Bu, cəmiyyətimizin yanlış məlumatlandırılmasının qarşısının alınması baxımından son dərəcə mühüm hərəkətlilikdir.

 Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət ünvanlayaraq rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb.

İnformasiya bolluğu şəraitində Azərbaycan mediası üçün işləmək də asan olacaq.

Hər bir halda ehtiyatı əldən verməmək, düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir.

Hesab edirik ki, Azərbaycan jurnalistləri bunu yetərincə ciddi dərk edir.

Bir daha həmkarlarımızı həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunmuş bilgilərin informasiya dəyərini yoxlamağa çağırırıq.

Unutmayaq ki, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən vəziyyətlərdə hər kəsin öz işinə məsuliyyətlə yanaşması ümumi maraqlara ən ali xidmət nümunəsidir. 

Uca Tanrı Ordumuzu, Vətənimizi qorusun!

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top