Azərbaycan-Ermənistan sərhədi hansı xəritə ilə müəyyənləşdiriləcək? — AÇIQLAMA

GÜNDƏM 09 sen 2022, 20:15
“Əvvəla, qeyd edim ki, delimitasiya və demarkasiya ilə bağlı hansı xəritələrin istifadə edilməsi bağlı ortada konkret bir mövqe yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Vladivostokda erməni icması ilə görüşündə sərhədlərin delimitasiya və demarkasiyası, habelə xəritələr məsələsi ilə bağlı səsləndiridyi fikirlərə münasibət bildirib.

Tural İsmayılov deyib ki, bununla bağlı işçi qrupları səviyyəsində müzakirələr aparılır:

“Bu qruplarının sonrakı iclaslarında hansı xəritələrin prioritet götürüləcəyi məsələsi müzakirə ediləcək. Amma bu məsələdə qarışıq məqamlar var. Əvvəla, nəzərə alınmalıdır ki, Zəngəzur 1920-ci ildə qanunsuz şəkildə Azərbaycandan qoparılaraq Ermənistana verilib. Bundan əlavə, SSRİ dövrünün xəritələri mövcuddur və həmin xəritələrdə Azərbaycanın delimitasiya və demarkasiya prosesində tələb etdiyi ərazi bütövlüyü tam aydın şəkildə öz əksini tapıb. Eyni zamanda, 1918-ci ilə və ondan əvvəlki dövrə aid xəritələr var və həmin xəritələrdə də Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də ondan öncəki quberniyaların torpaqları tam şəkildə əhatə olunub. Ona görə də konkret olaraq bir xəritənin üzərində fokuslanmaq olmaz”.

T. İsmayılov söyləyib ki, bu gün Ermənistan tərəfi erməni tarixçilərin uydurduğu xəritələrdən istifadə edərək konkret bir neçə xəritənin üzərində fokuslanmağı təklif edir:
“Bəzi erməni ekspertlərinin KİV-ə verdiyi açıqlamalarda da görürük ki, söhbət Ermənistanın özünün uydurduğu xəritələrdən gedir. Amma bu gün Rusiya arxivlərində həm sovetlər dönəminə aid olan xəritələrdə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb, həm də 1918-1920-ci illər ərzində mövcud olan bəzi xəritələr var. O xəritələrdə də müəyyən reallıqların əks olunma ehtimalları var. Delimitasiya və demarkasiya prosesində Azərbaycanın əsas tələbi konkret bir xəritənin üzərinə fokuslanmamaq üzərinə olacaq”.

Siyasi şərhçi izah edib ki, delimitasiya və demarkasiya zamanı Ermənistan müəyyən təxribatlar etməyə çalışacaq:

“Amma Azərbaycan son müharibəsindən bu yana Ermənistanın təxribatlarına öz diplomatik gedişləri ilə uğurlu şəkildə cavablar verir və qalib tərəf kimi öz istədiyinə nail ola bilir. Ona görə də bu prosesin sonunda Azərbaycanın maraqları tam şəkildə təmin ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top