“Sülhməramlılar ermənilərə tərəfkeşliklə öz maraq və şərtlərini təmin edirlər”

SİYASƏT 07 sentyabr 2022, 13:28
“Qarabağda yerləşdirilən rus əsgərlərinin sülhməramlı adlandırılması doğru deyil. Çünki dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib”. 
 
Bu sözləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər:



“Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir.  Elə bu tərəfkeşlik yeni münaqişənin yaranmasına zəmin hazırlayır. Bundan başqa, bir ölkə ərazisində başqa sülhməramlı missiyanın mövcudluğu həm də həmin dövlətin hərbi mövcudluğu deməkdir. Tarix onların olduqları dövlətə ziyan vurduqlarını artıq dəfələrlə təsdiqləyib. 30 il əvvəl, 1992-ci il fevralın 25-26-na keçən gecə isə Rusiyanın 366-cı motoatıcı sülhməramlı alayı Azərbaycanın Xocalı şəhərində erməni terrorçuları və separatçıları ilə birlikdə Xocalı soyqırımını törətməklə missiyasına qarşı çıxmışdı”. 

S.Əsədli əlavə edib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti daha çox Ermənistanı qane edir:

“Bundan ruhlanan Ermənistan rəhbərliyi və siyasiləri iki ölkə arasında sərhədə də üçüncü qüvvənin yerləşdirilməsinə çalışırlar. Buna görə də, onlar sərhəddə müxtəlif təxribat və diversiya törədirlər. Ermənistan tərəfi 10 noyabr bəyanatının maddələrinə əməl etməkdənsə, regionda gərginliyi artırmağa çalışır. Regionda onsuz da üçüncü dövlətin, Rusiyanın hərbçiləri mövcuddur. Ermənistanın apardığı pozuculuq və işğalçılıq siyasəti nəticəsində onlar bölgəyə yerləşdirilib. Bölgədə müvəqqəti yerləşən Rusiya hərbçilərinin terrora göz yumması, xarici ölkə vətəndaşlarını Azərbaycan ərazisinə buraxması ermənilərin tərəfini saxlamasını təsdiqləyən faktlardır. Hadisələr sübut edir ki, sülhməramlılar münaqişə zonalarında üçüncü tərəfdir. Bu baxımdan Rusiya sülhməramlıları Azərbaycandakı fəaliyyəti, ermənilərə tərəfkeşliyi ilə öz maraqları və şərtlərini təmin edirlər. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq sülhməramlıların fəaliyyəti ilə bağlı qəti mövqe ortaya qoymalıdır”.

Aynurə Pənahqızı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top