“Xalq artistinə belə şeylər yaraşmaz” — Deputatdan Bilal Əliyevin “TikTok”da söyüş söyməsinə ETİRAZ

SOSİAL 07 sen 2022, 09:34
Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Xalq artisti Bilal Əliyevin “Tik Tok”da canlı yayım zamanı tez-tez izləyicilərini təhqir edib, söyüş söyməsinə etirazını bildirib.

E.Quliyev deyib ki, Bilal Əliyev vaxtilə səhnədə yaxşı oxuyanlardan biri olub.

Onun sözlərinə görə, hər kəs davranışında etik çərçivəni aşmamalıdır: “Bilal Əliyev son zamanlar səhnəni atıb. Camaatla arasında nəsə varsa, öz şəxsi məsələləridir. Bunu ictimaiyyətə çıxarmaq, əlbəttə, ayıbdır, şəxsiyyətə sığmır. Belə şeylər hər yerdə var, olur. Bunu sosial şəbəkələrə çıxarıb göstərmək bir az mentalitetimizə yaraşmır. Kiminsə şəxsi problemi varsa, qoy özü həll etsin də. Ayıb olsun. Bilmirəm təhqirdə bunlar nə görüblər? Əgər Xalq artistidirsə… Bilal Əliyevi hamımız tanıyırıq. Ümumiyyətlə, çoxdandır Bilalı görmürdüm. Bu yaxınlarda sosial şəbəkələrdə gördüm. Səhnədə yox idi. Bilal cavan uşaq deyil ki, deyəsən, “gəncdir, ağlı kəsmir”. O, həm də Xalq artistidir. Belə şeylər ona yaraşmaz. İnsanlara da demək lazımdır axı. Bəlkə, onun elə “yaralı yeri” var ki, camaat da qaşıyıb qan çıxarır. Ola bilsin, təhqir edirlər, o da cavab verir. Həm respublikadan kənarda olan azərbaycanlılar, həm daxildəki azərbaycanlılarımız son zamanlar söyüşdən istifadə edirlər. Çox acığım gəlir. Düzü, daxildəkilərlə bağlı belə şeylər çox az rastıma çıxır. Bizə yaraşmaz. Hər şeyi söyüşə çevirmək olmaz. Biz gələcək nəsillərə necə tərbiyə verək? Ağzımız söyüşlə açılırsa, hər sözün arxasında söyüş varsa, hansı azərbaycanlılıqdan, mentalitetdən söhbət gedə bilər? Deyirik ki, biz dünyəvi xalqıq, türk xalqıyıq. Belə şeylər qəbul edilməzdir, olmaz. Mən bunu tərbiyəsizlik sayıram. Çalışmaq lazımdır ki, hər şey etika çərçivəsində həll olunsun”.

E.Quliyev Bilal Əliyevə tövsiyyələrini verib: “Bilalı bir insan kimi tanıyıram, o da məni tanıyır. Bəlkə də, onu təhqir ediblər, ona görə də hirslənib. Bir insan, yoldaş kimi məsləhət görərdim ki, elə şeylərə fikir verməsin. Cavanlara da məsləhət görürəm ki, camaatın “yaralı yeri” ilə oynamasınlar. Mən heç onun canlı yayımında səslənən sözlərə qulaq asmaq da istəmərəm. Təhqirə niyə qulaq asım? Bəzi xarici saytlarda görürük ki, söyüşlər var. Azərbaycanlılarımız söyüşə, təhqirə yol verirlər. Mən bunu qəbul edə bilmirəm, həmin insanları da. Bilalı onların sırasına qoya bilmərəm. Bilal ziyalı adam idi, Xalq artistidir. Dövlət ona o boyda status verib. Lap kimsə Bilal Əliyevə qarşı abırsızlıq edir. Sən abırsızdan öz abrını saxla. Nəsə deyirlər, o da cavab verir ki, belədir, elədir. Bilaldan bu yaşında gələcək nəsillər tərbiyə, etika götürməlidirlər. Biz gərək hərəkətimizə fikir verək. Bəlkə, 30 il bundan qabaq kiminsə nəsə səhvləri olub. Bu gün artıq Bilal müəyyən hədd yaşındadır. Vallah, yenə də özü bilər. Allah canına sağlıq, uzun ömür versin. Kim ki onunla təmasa girir, onlara da məsləhət görürəm ki, gəlin bir-birimizi “qaşıyıb”, qan çıxarmayaq. Onsuz da düşmənimiz var, niyə düşmən axtarırıq ki?”

Deputat Bilal Əliyevin canlı yayım zamanı cibindən 100 manatlıqlar çıxarıb izləyicilərinə nümayiş etdirməsinə də münasibət bildirib: “Əlbəttə, belə şey yaxşı qarşılanmaz. Yadıma gəlir, bir gün Bilala sual verdik ki, toylara gedirsən? Dedi ki, hə, amma 100 mindən aşağı toya getmirəm. Hələ o dövrdə, təxminən, 20 il bundan qabaq. Lap yaxşı, pulu var, Allah özünə qismət etsin, xərcləsin…” (Pravda.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top