“Peşəmi gözümdən salan həmkarlarım var” — MÜSAHİBƏ

MÜSAHİBƏ 06 sen 2022, 19:44
Qeyri-məntiqi fikirlər, açıq-saçıq geyim və ya digər kiçik səbəblərlə gündəmi zəpt etmək onun özündən də, fəaliyyətindən də tamamilə uzaqdır. O tamaşaçı nəzərində hörmətini itirməmək, həddini aşmamağı vacib bilir, nizamlı əməli, səliqəli danışığı və xoş aurası ilə izləyici sevgisini illərdir ki, qoruyub saxlayıb. Söhbət sevilən aparıcı Könül Muxtarovadan gedir. İstirahətdən yenicə qayıdan xanım aparıcı Demokrat.az saytına müsahibə verib.

-Sosial şəbəkə hesablarınızdakı paylaşımlardan belə hesab etmək olar ki, yay tətiliniz rəngarəng keçib. İlin yorğunluğunu çıxara bildiniz?

-Ümumiyyətlə, istirahətdə paylaşım etməyi çox xoşlayıram. Çünki izləyicilərdən də hər zaman istirahət paylaşımlarına diqqəti çox görmüşəm. Elə göründüyü qədər, hətta görünmədiyi tərəflərini də deyim ki, son iki ildə heç bir istirahətə getmədim deyə, bu il iki ilin yorğunluğunu çıxaracaq bir tətil yaşadım. 

-Ən unudulmaz tətil necə olmalıdır, sizcə? Bu ilki tətilinizi unudulmaz hesab eləmək olar?

-Yayın iki ayını da çalışan bir insan kimi gözümü son bir aya dikmişdim. Bütün planlarımı bir aya sığdırmışdım. Demək olar ki, bir ayı evdə oturmadım. Ölkədən kənar və ölkədaxili gəzintilərim oldu. Tam dadını çıxara bildim. Çünki mənim üçün istirahət təkcə yemək-içməkdən ibarət deyil, həm də gəzib, görüb, hələ də bilmədiklərimi öyrənməkdir. Nəzərə alsaq ki, qızım da mənimlə bərabər gəzir. Ona tanımadığı bölgələrimizdə, eyni zamanda, xaricdə maraqlı, tarixi yerləri göstərib, məlumatlandırmaq da bu tətil əsas öhdəliyim idi. Bu tətil, sözün əsl mənasında, ən unudulmaz tətilim sayıldı. 


-Maşallah, artıq qızınız sizə yoldaşlıq edir səfərlərdə. Bəs o necə, sizinlə maraq qata bilir öz uşaq dünyasına? 

-Qızımsız tətilim tətil sayılmaz. Çünki işlə bağlı da olsa, bir günlük mən ölkəni tərk eləsəm də, ürəyim dözmür, hər saat qızımla əlaqə saxlayıram və o mənim üçün tətil sayılmır. Amma qızımla çox maraqlı olur. Həmişə deyirəm ki, o mənim qızım yox, ən yaxın rəfiqəm, sirdaşımdır. 

-Gözəl istirahət insanı yeni işlərə ruhlandırır. Planda hansı yeniliklər var?

-Çox böyük həvəslə, ruh yüksəkliyi ilə yeni iş mövsümünə başladım. Özümə də vədim var idi ki, bu qədər istirahət müqabilində gözəl işlər görməlisən. Bilirsiniz ki, mən Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşıyam, mədəniyyət işçisiyəm. Artıq yeni mövsümün tədbir planını tərtib eləmişik. Çox böyük tədbirlərə hazırlaşırıq. Bir sözlə, istirahətimin təsirini, nəticəsini işlərimdə görəcəksiniz. 


-Bir müddətdir, sizi efirlərdə görmürük. Sizi TV-dən nə uzaq saldı- şəxsi istəyiniz, yoxsa?

-Əslində, ikinci il olacaq ki, mən televiziyada, efir məkanında görünmürəm. Nəzərə alsaq ki, mən pandemiya dövründə də həftənin 7 günü canlı efirə çıxırdım, o ağır günlərdə də hər gün tamaşaçı qarşısında idim. Pandemiyadan sonra bütün günümü evdə keçirdim, etiraf edim ki, analıq hissim mənə qalib gəldi. Övladımın təhsil aldığı məkan yaşadığımız ünvandan bir az aralıdı. Əzizlərim, valideynlərim qızıma diqqət göstərsə də, mənim diqqətimə, qayğıma ehtiyacı var. Uşağı məktəbə aparıb- gətirmək, təhsili ilə maraqlanmaq- bu qayğıların nəticəsində mən televiziyadan uzaq düşdüm. Amma İnci bir az böyüsün, yenidən televiziyada görünəcəm.

-Deyirlər, televiziya unutqandır, vəfasız peşədir. Maraqlıdır, hansısa verilişlə tamaşaçı qarşısına çıxmasanız da, tamaşaçı sizi unutmur. Bu vəfanın sirri nədədir?

-Əslində, televiziya çox unutqandır, hətta bəzən deyirlər, tamaşaçı da unutqandır. Amma nə yaxşı ki, bu sözlər bizim dövrə öz təsirini çox göstərə bilmədi. Çünki sosial şəbəkə var. Mən də aktiv sosial şəbəkə istifadəçisi kimi bu unutqanlığı çox da hiss eləmədim. İki ildir efirə çıxmayan aparıcını hələ də küçədə görəndə tanıyıb, diqqət göstərib, hörmət edib, maraq göstərirlərsə, demək ki, televiziya unutqan ola bilər, amma mənim tamaşaçılarım unutqan deyilmiş və buna şükür eləmək lazımdır.  

-İllərlə tv təcrübəsi olan aparıcı kimi hansı arzunuz var? 

-16 illik televiziya təcrübəm var. Özəl telekanallardan əlavə, həm də dövlət televiziyasının əməkdaşı olan bir insan kimi bir arzum var-heç olmasa, 10 il öncəki televiziya ab-havasına qayıda bilək. Tamaşaçının televiziyaya olan marağını geri qaytaraq. Telekanallarda o illərin peşəkarları üstünlük təşkil eləsin. İndi tək-tük hansısa özəl kanallarda o peşəkarları görmək olur. Görünür ki, televiziyaya daha maraqlı layihələr, tamaşaçını cəlb edəcək daha gözəl işlər lazımdır. Hər il yeni mövsümdə eyni layihələr tamaşaçını yorub. Bu da tamaşaçını televiziyadan uzaqlaşdırır. 


-İllər öncə gəlmisiz bu sahəyə. Nələr dəyişdi? 

-İllər öncə bu sahədə bizim çox qadağalarımız var idi. Biz dilimizdən çıxan hər kəliməyə, geyimimizə diqqət etməli, çöldə-bayırda belə efirdə göründüyümüz qədər səliqəli görünməli, davranmalı idik. Amma indi elə deyil, tam əksinədi. Çöldə-bayırda olan ab-havanı efirə gətirməyə çalışırlar. Ötən illərlə müqayisədə çox şeylər dəyişib. Daha dəqiq desəm, ötən illərdən qalanlar çox azdır.  


-Baxıb, izləyib, "peşəmi gözümdən salır" dediyiniz həmkarınız olub? 

-Baxıb, izləyib, peşəmi gözümdən salan həmkarım yox, həmkarlarım olub. Bu sahəyə həvəs göstərən çox gəncləri gördük, onların içərisində təhsil alıb, bu işdə peşəkarlıq göstərmək istəyən insanlar oldu, amma çox təəssüf ki, efirə çıxanlar elələri oldu ki, onlar heç bir kriteriyaları, göstəriciləri ilə bu işə yaraşmırlar. İnsanı peşəsindən soyudan da belə hallardır. Nə yaxşı ki, bizim dilimiz bir məqamda uzundur: təhsilimiz, savadımız və peşəkarların əhatəsində keçən yolumuz. 


-Televiziyaya yeni gələn, amma bu sahə haqqında yanlış təsəvvürləri olan gənclərə nəyi məsləhət görərdiniz?

-Bu iş, bu sahə, sadəcə, mən tanınım, qohumlarım arasında tanınmış biri olum deyə məqsəd daşımamalıdır. Bu sahə az maaşa yüksək sevgi, həvəs, peşəkarlıq iddiasında olanlar üçündür. Televiziya sevən kəslər kadr önünə çıxmaq üçün dəridən-qabıqdan çıxmırlar. Təhsili, təcrübəsi imkan verməsə də, kamera önündə görünmək istəyən gənclər televiziyanın gələcəyinə işığa apara bilməz. Televiziya “mən tanınım, mən görünüm, getdiyim yerlərdə buna görə üzümə qapılar açılsın” deyənlərin yeri deyil. Gənclər bu cür müvəqqəti şöhrət sevdasından çəkinməlidir. 

Maya İmran
Demokrat.az


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top