ABŞ-ın müharibə siyasətinin yeni nöqtəsi — Hədəf Türkiyədir (İDDİA)

DÜNYA 29 avq 2022, 22:10
Dünyanın müxtəlif yerlərində gərginlik xətləri cızaraq və aranı qataraq müharibə mühitini genişləndirməyə çalışan ABŞ Türkiyə ilə Yunanıstan arasındakı böhranı da qaynar qarşıdurmaya çevirmək istəyir.

Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Haber 7”nin yazarı Məhmət Acət deyib.

“Rusiya-Ukrayna müharibəsinin uzanması üçün sərgilədikləri yanaşmanın bənzərini Çin-Tayvan gərginliyinə münasibətdə tətbiq edirlər. İndi Uzaq Şərq və Ukraynada olduğu kimi, Egey və Şərqi Aralıq dənizlərində Türkiyə-Yunanıstan müharibəsi başlatmaq istəyirlər. Belə bir aşkar çağırışla üz-üzəyik. Yunanıstana “arxanızdayıq” deyərək, müharibəyə sövq edirlər, məqsədləri də Türkiyəni “yola gətirmək”dir. Eyni zamanda, müdafiə sənayesində və xarici siyasətdə böyük addımlar atan Türkiyənin yolunu kəsmək, gücünü sarsıtmaqdır”, - Acət bildirib.

Onun sözlərinə görə, Ukraynadan Rusiyanı zəiflətmək üçün “proksi dövlət” kimi istifadə edildiyi kimi, Türkiyəni zəiflətmək üçün də Yunanıstandan istifadə etmək istəyirlər:

“Bunlar mənim şəxsi fikirlərim deyil. Rəsmi şəxslərin açıqlamalarına nəzər alsaq, Yunanıstanın “proksi” kimi istifadə edilməsinin arzu edildiyinə dair misallar göstərmək olar.

Son günlərdə Yunanıstan təyyarələrinin iki dəfə Türkiyənin F-16 döyüş təyyarələrinə müdaxilə etməsi Egey və Şərqi Aralıq dənizlərində təhlükəli yüksəlişin yeni nümunələridir.

Son məlumata görə, Egey və Şərqi Aralıq dənizlərində beynəlxalq hava məkanında fəaliyyət göstərən türk F-16-ları Yunanıstanın Krit adasında yerləşdirilmiş S-300 sistemlərinin radar müdaxiləsinə məruz qalıb. Bura qədər Yunanıstanın S-300-lərdən yalnız təlimlərdə istifadə etdiyi iddia olunurdu. Bu hadisə Yunanıstanın S-300-lərdən fəal şəkildə istifadə etdiyini ortaya qoyur.

F-35 və S-400-lərin bir-birinə uyğun gəlmədiyini iddia edən ABŞ-ın S-400-ə bənzər hava hücumundan müdafiə sistemi olan S-300-lərdən aktiv şəkildə istifadə edən Yunanıstana F-35 satması fonunda Türkiyəni F-35 proqramından çıxarması, NATO müttəfiqləri arasında ikili standartların tətbiqidir”.

Məhmət Acət ABŞ-ın iki ölkə arasında müharibə planını həyata keçirməsinin o qədər də asan olmadığını bildirib:

“ABŞ buna nail ola bilərmi? Yunanıstan Türkiyəyə qarşı döyüşmək üçün özündə cəsarət tapa bilərmi? Bu, əlbəttə ki, asan deyil. Ancaq hər halda, son günlərdə artan gərginlik hardasa partlayacaqsa, bilməliyik ki, bunun arxasında kimlər dayanır və nə etmək istəyirlər. Məncə, cavab artıq bəllidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top