Professor: “Laçın şəhərinə qayıtmağımız böyük qələbəmizin növbəti təzahürüdür”

GÜNDƏM 26 avq 2022, 13:55
"Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı hesabına mümkün olub".

Bu sözləri “Report” a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Laçından olan professor Müseyib İlyasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın böyük qələbəsinin növbəti, sonuncu olmayan təzahürüdür və eyni zamanda bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir:

"Bu gün şəhidlərimizin ruhunun şad olduğu, onların analarının qürurla, başıuca gəzdiyi, qazilərimizin sevindiyi gündür. Laçın şəhəri Ermənistanla aramızdakı böyük bir qala idi. 1992-1993-cü illərdə boş qalan həmin əraziləri ermənilər tutdular. Bu, o zamankı siyasi hakimiyyətin səriştəsiz siyasətinin nəticəsi idi. Bu gün Laçına qayıtmağımız isə Azərbaycan Prezidentinin müdrik siyasətinin bəhrəsidir".



M.İlyasov bildirib ki, vaxtı ilə Qanlı dərədə erməni komandir Andranikin qoşunlarının darmadağın edilməsi ermənilər üçün ağır nəticələr verib:

"Onlar 70 il sonra yenidən Qarabağ xülyasına qapılsalar da, bu arzu ürəklərində qaldı. Biz dövlətimizin siyasətini dəstəkləyirik. Laçının ermənilərdən tam azad olunması böyük siyasətin tərkib hissəsi idi. İnşallah, bu gün ermənilərin yaşadığı bəzi ərazilərdə də ən qısa vaxtda Azərbaycan bayrağı dalğalanacaq".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top