Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir”

GÜNDƏM 26 avq 2022, 12:45
“Bu gün bir sıra media orqanlarında jurnalist peşəsindən xəbəri olmayan, bu peşənin dəyərini, məsuliyyətini  bilməyən çoxlu sayda insanlar olduğu kimi, hüquq müdafiəsi təşkilatlarında da, hüquq müdafiəçiləri arasında da bu peşənin tələblərini doğrulda bilməyən, hüquq müdafiəçiliyi ilə siyasi mübarizəni qarışdıran şəxslər var”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. 

“Çox təəssüf ki, bu cür yeni ”hüquq müdafiəçiləri" meydana çıxıblar və dövlətimizin maraqlarını kənara qoyaraq, lazımi anlarda deyil, uyğun olmayan vaxtlarda, dövlətimiz üçün həssas olan məqamlarda Azərbaycan dövlətinin qınanması, imicinə zərbə vurulması üçün müxtəlif görüşlər keçirirlər, bəyanatlar yayırlar. “Turan” Agentliyinin xəbərində adı çəkilən şəxslərin də indiki həssas məqamda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması adı altında Avropa İttifaqının bir neçə ölkəsinin səfirləri ilə görüş keçirib ölkəmizin bəzi vəzifəli şəxslərinə Avropa İttifaqının vizalar verməməsi tələbi ilə çıxış etməsi əslində erməni dəyirmanına su tökmək kimi bir şeydir. Biz də bilirik ki, ölkədə müəyyən problemlər var, hüquq-mühafizə orqanları ilə bağlı, ayrı-ayrı məhkəmə orqanları ilə bağlı, müxtəlif vəzifəli şəxslərlə bağlı problemlərin olduğunu inkar etmirik”. 

“Amma bu problemlərin nə zaman və hansı məkanda gündəmə gətirilməsi və tələblərin irəli sürülməsinə xüsusi diqqət ayırmaq lazımdır ki, ölkəmizin ümumi maraqlarına zərbə dəyməsin. O məsələlər ki, ölkəmizin daxilində həll oluna bilər onun beynəlxalq təşkilatlara çıxarıb belə həssas məqamlarda Azərbaycan əleyhinə istifadə edilməsi yolverilmızdir və başa düşülən deyil. Mən təəssüf hissi ilə qeyd edirəm ki, ermənilər hal-hazırda dirəniş göstərərək elə bu günlərdə də Xankəndidə 100 metrlik Rusiya bayrağını nümayiş etdirərək kömək umduqları bir zamanda Azərbaycanın vətəndaşı olub özünü hüquq müdafiəçisi kimi təqdim edən bəzi şəxslər Avropa İttifaqından Azərbaycana qarşı addımlar atılmasını tələb edirlər. Mən bu hərəkətə təəssüf edirəm. Mən bilmirəm bu “Müdafiə xətti” nədir, kimdir, nədən müdafiə olunurlar? Ölkədə insan hüquq və azadlıqlarının pozulması halları olanda biz hüquq müdafiəçiləri olaraq faktlarla bağlı məlumatı hüquq-mühafizə orqanları, müvafiq vəzifəli şəxslərə dərhal çatdırırıq və məsələnin yerində həll olunmasına çalışırıq. Amma bu cür məsələləri beynəlxalq səviyyəyə qaldırmaq və dövlətimizin əleyhinə istifadə etmək yolverilməzdir. Avropa İttifaqının Qarabağ məsələsində Azərbaycana dəstək verdiyi bir məqamda bu qurumu ölkəmizə qarşı qoymağa çalışmaq ermənilərin marağına xidmət etməkdir", - deyə Ç.Qənizadə sonda qeyd edib. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top