"WhatsApp"da yeni dələduzluq: BU MESAJLARA inanmayın!

SOSİAL MEDİA 21 avq 2022, 15:34
"WhatsApp"da dostumun anasının vəziyyəti yaxşı deyil" adlı yeni kiber dələduzluq yaranıb.

Demokrat.az
xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas məlumat verib.

"Diqqət! Hazırda mənə gələn şikayətlərə görə deyə bilərəm ki, "WhatsApp"da yeni növ dələduzluq metodu sürətlə yayılır. Gəldiyim nəticələrə görə, dələduzluğun adı: "dostunun anasının vəziyyəti yaxşı deyil" adlanır.

Bu kiber dələduzluq növündə qurbanlara başqa nömrələrdən, lakin ən yaxın dostunun şəkli olan "WhatsApp" hesablarından yazılır. Dost çox professional şəkildə Azərbaycan dilində hal-əhval etdikdən sonra, anasının vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya gətirdiklərini deyir. Evdən tələsik çıxan qəhrəman nağd pul götürməyi unudur və axşam qaytarmaq şərtilə borc pul istəyir.

Bura qədər hər şey normaldır. Kim buna aldanar deyirsiniz. Çünki profil şəklindəki dostunuz olsa da nömrə başqadır. Lakin dələduz dostunuz adından sizə elə dostunuzun adı yazılı olan kartının şəklini göndərəndə artıq sizdə 100%-lik inam yaranır və pulu verirsiniz".

Ekspert bildirib ki, Azərbaycanda artıq bir neçə nəfər zəncirvari kiber dələduzluğun qurbanı olub:

"Dələduz ilk öncə sizin dostunuzun bank tətbiqini ələ keçirir. Eyni zamanda dostunuzu artıq aldadaraq ondan kart şəklini alır. Mobil bank tətbiqlərində olan nömrəyə köçürmə kimi imkanlardan hansı kontaktlara pul köçürdüyünüzü, kimlərə kontur vurduğunuzu öyrənərək, ən yaxın adamlarınıza yazaraq, onlardan borc pul alır. Artıq Azərbaycanda qurbanlar var.

Bu hallardan qorunmaq üçün mütləq şəkildə:

- qohum və dostunuzun fotosu olan lakin başqa nömrədən gələn mesajlara cavab verməyin.

- bank kartınızın fotolarını 3-cü şəxslərə göndərməyin.

- telefona gələn 3DS təsdiqləmə kodlarını heç kimə verməyin" , - FəridPərdəşünas yekunda əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top