Bölgələrimizdə də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır — FOTO

SOSİAL 20 avq 2022, 10:37
“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb: Zəngilanın Ağalı kəndində bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Şuşa DOST filialının da layihələndirmə işləri artıq tamamlanır. İşğaldan azad edilmiş ərazilərimiz həmin proqram üzrə DOST xidmətləri ilə tam əhatə olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun təşkili, DOST xidmətləri infrastrukturunun ölkə boyu genişləndirilməsi, xidmətlərin elektronlaşdırılması işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki,  2019-cu ilin may ayından artıq Bakı şəhəri və Abşeron rayonu üzrə 5 DOST mərkəzi açılıb. 1 milyon 50 min vətəndaş, o cümlədən bu ilin 7 ayında 360 min vətəndaş DOST xidmətlərindən faydalanıb və cari ildə bu xidmətlərdən vətəndaş məmnunluğu 98,7 faiz təşkil edib. Yaxın aylarda Bakıda daha bir DOST mərkəzi açılacaq. Eləcə də Bərdə, Quba, Gəncə, Sumqayıt, Sabirabad, Masallı və digər bir sıra bölgələrimizdə də “DOST” mərkəzlərinin açılması üçün hazırlıq işləri aparılır. Ümumilikdə 2025-ci ilə kimi 17 regional DOST mərkəzi, 55 rayon üzrə DOST filialları, ayrı-ayrı bölgələrdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulub.

DOST Agentliyi bu il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı ilə təltif olunub, “Avropa Ittifaqi Biznes Mühiti Hesabatı-2021” nəşrində isə DOST mərkəzləri Azərbaycanda təkmil top 3 islahatdan biri kimi təqdim olunub. Media Təhlil Mərkəzinin operativlik, obyektivlik və kommunikasiya meyarları üzrə keçirdiyi sorğu nəticəsində "Çağrı mərkəzi 142" isə top 3 pillədə yer alıb.

Nazirlik üzrə  elektronlaşma proqramı çərçivəsində son illərdə mühüm addımlar atılıb, nazirliyin 175 xidmətindən artıq 110-u elektron, o cümlədən 46-sı proaktiv qaydada göstərilir. Qurum üzrə hazırda daha 40 e-xidmətin yaradılması,  Nazirlik üzrə e-xidmətlərin sayının bu il 150-yə çatdırılması üçün işlər aparılır. Bu da nazirliyə aid xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatmasına imkan verəcək. 

Bu ilin 7 ayında Nazirliyin e-xidmətlərinə 142 milyon,  e-sosial.az portalına 7,5 milyondan çox müraciət edilib. Nazirliyin fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.  Yanvar-iyul aylarında 171 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada (müraciət olunmadan və sənəd təqdim edilmədən) aparılıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin 7 ayında 38900 şəxsə əlillik təyin edilib. Bu dövrdə Agentliyin reabilitasiya mərkəzlərində 24000 şəxsə reabilitasiya xidməti göstərilib, 8079 şəxsə 35400 reabilitasiya vasitəsi verilib. 

İclasda yeni DOST mərkəzlərinin açılması və elektronlaşma proqramının icrası, tibbi-sosial ekspertiza, reabilitasiya, həssas qruplara sosial dəstək, kadr hazırlığı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top