Əflatun Amaşov: “Media haqqında” Qanuna riayət etməyənlərə qarşı müvafiq tədbir görülməlidir”

MEDİA 19 avq 2022, 17:49
"Medianın İnkişafı Agentliyinin media orqanlarına müraciətindəki iradlar jurnalistikamızın ənənəvi problemlərindəndir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki,  başlıqlarla spekulyasiya, qarşı tərəfin fikirlərinə hörmətsizlik, balansın gözlənilməməsi – bütün bunlar illərin tanış mənzərəsidir: "Əlbəttə, söhbət xoşagəlməz mənzərədən gedir. 

Sadalanan problemlər kiməsə adi gələ bilər. Mətbuat Şurası vaxtilə oxşar məsələləri gündəmə gətirəndə bir çox həmkarımız bunu yaxşı qarşılamırdı. Hətta bəziləri ironik sual da ünvanlayırdılar ki, bəlkə heç nə yazmayaq? Şübhəsiz, indi də elə düşünənlər tapılacaq. Amma məsələyə prinsipial baxış önəmlidir. Jurnalist mütləq şəkildə yazmalıdır". 

"Əminəm ki, peşəkar jurnalistlərimiz fəaliyyətlərində heç bir halda qarşı tərəfin mövqeyinə etinasız yanaşmırlar. Onlar nəyin spekulyasiya olduğunu gözəl anlayırlar, belə əməllərdən uzaq dururlar. Sözün texnikasına bələddirlər. Yaxşı anlayırlar ki, sözlə oynamaq nədi, sözü oyun predmetinə çevirmək nə". 

"O ki qaldı anlamayanlara, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na etinasız yanaşanlara, bəli, onlara münasibətdə tədbirlərin görülməsi şərtdir. Hesab edirəm ki, MEDİA-nın xəbərdarlığı bu baxımdan ilk addımdır. Peşə prinsiplərinə “Media haqqında” Qanuna riayət etməyənlərə qarşı yol verdikləri nöqsan onların diqqətinə konkret şəkildə çatdırılmaqla, əsaslandırılmaqla müvafiq tədbir görülməlidir. Bu, həm cəmiyyətimiz, həm mediamız, həm də həmin şəxslərin özləri üçün faydalıdır", - deyə, Ə.Amaşov sonda qeyd edib.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top