“Paşinyan bununla öhdəliklərdən qaçmaq üçün əlavə vaxt qazanmağa çalışır” — ŞƏRH

GÜNDƏM 19 avq 2022, 11:06
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb. Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Məsələ ilə bağlı açıqlama verən politoloq Yusif Bağırzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən Azərbaycanla Ermənistan sərhəddində keçid məntəqələrinin yaradılması əslində beynəlxalq rəyi çaşdırmağa hesablanıb. 

“Məlumdur ki, imzalanmış üçtərəfli bəyanatla üzərinə öhdəlik götürən rəsmi İrəvan kommunikasiyaların və nəqliyyat xətlərinin bərpasını təmin etməli idi. Paşinyan tərəfindən eyni öhdəlik daha sonra Avropa İttifaqınn vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdə imzalanmış sənədlərdə təsbit edilmişdir.

Lakin uzun müddətdir ki, biz Ermənistanın müxtəlif bəhanələrlə öz öhdəliklərinin icrasından yayındığına şahidlik edirik və bunu eyni şəkildə bütün dünya da, o cümlədən də prosesdə vasitəçi qismində çıxış edən tərəflər də görür. Odur ki, bu məsələ ilə bağlı Ermənistana təkcə Azərbaycan olaraq bizim deyil, eyni şəkildə beynəlxaq qurumların və ayrı-ayrı dövlətlərin də təzyiqləri var idi. Paşinyan məhz bu təzyiqləri nəzərə alaraq hələ avqustun 4-də hökumət iclasında Naxçıvanla Azərbaycanın digər əraziləri arasında əlaqələrin bərpasını lap elə bu gün təmin etməyə hazır olması ilə bağlı bəyanat səsləndirdi. Amma biz indi yaradılan sərhəd keçid məntəqələrinə baxdıqda görürük ki, həmin məntəqələrdən biri Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Araz” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” keçid məntəqələridir. Başqa sözlə desək, görünən odur ki, Paşinyan yenə də Zəngəzur dəhlizi istiqamətində hər hansı nəqliyyat əlaqələrinin bərpasına hazır deyil. 3 keçid məntəqəsinin yaradılması haqqında qərar isə dünyaya “biz əlaqələrin bərpasına hazırıq, artıq keçid məntəqələri də qurmuşuq” demək üçün sadəcə bir bəhanədir. Daha konkret desək Paşinyan bununla üzərinə düşən öhdəliklərdən qaçmaq üçün əlavə vaxt qazanmağa çalışır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top