Laçın sakini: “30 illik Vətən həsrətinin bitəcəyi tarixə sayılı günlər qalıb...”

GÜNDƏM 18 avq 2022, 18:02
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın işğal altındakı digər torpaqlarımız kimi, Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytaracağı günə az qalıb. Azərbaycan dövləti üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə alternativ yolun çəkilişini artıq başa çatdırıb. Beləliklə, Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçında da qanunsuz məskunlaşan ermənilərin torpaqlarımızı tərk etməsinin vaxtı çatdı.

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində laçınlı keçmiş məcburi köçkünlərin iki ilə yaxın gözlədikləri şad xəbəri elan etdi: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Dövlət başçısının bu sözləri 30 ildir Vətən həsrəti ilə yaşayan laçınlılar tərəfindən böyük sevinclə qarşılanıb. Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşmış Laçın şəhər sakini Yəhya Alışanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Son zamanlar iki dəfə böyük sevinc yaşamışıq. Biri Vətən müharibəsində qazanılan Qələbə, ikincisi isə bu günlərdə Prezident İlham Əliyevin Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatının öz doğma yerlərinə qayıtması ilə bağlı dediyi sözlər”.

Otuz illik məcburi köçkünlük dövründə çox çətinliklər çəkdiyini, daim doğma torpaqlara qayıtmaq ümidi ilə yaşadıqlarını deyən Laçın sakini artıq bu həsrətin bitəcəyi tarixə sayılı günlərin qaldığını bildirib: “İndi gözəl xəbərlər eşidirik, bizə o qədər qürur verir, o qədər sevinirik ki... Heç kəs inanmırdı ki, Vətənə qayıda bilərik. Allah şəhidlərimizə rəhmət eləsin, Prezidentimizə uzun ömür versin”.

Yəhya Alışanov ata-baba yurdu olan Laçın üçün çox darıxdığını, o yerlərə qayıtmağı səbirsizliklə gözlədiyini deyib: “O viran qoyulmuş daxmalar bizim üçün çox əzizdir. O divarlarda bizim valideynlərimizin qoxusu var. Gənc nəsil oraları görməyib. Arzulayıram ki, tez bir zamanda qayıdaq, gənc nəslə o torpaqların hər qarışını, hər cığırını, relyefini başa salaq, öyrədək. İstəyirik ki, qayıdışımız tez olsun. Prezidentimizin son çıxışı bizim sevincimizi daha da artırıb. Allahdan arzu edirəm ki, bütün məcburi köçkünlər tezliklə Vətənə qayıtsınlar, orada öz həyatlarını qursunlar”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top