FHN-də matros yanğın söndürəni işləyən gənc həbs edildi — TƏFƏRRÜAT

KRİMİNAL 17 avq 2022, 15:52
Fövqəladə Halllar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından mühafizə idarəsinin “Vixr-08” yanğın söndürmə gəmisinin 2-ci dərəcəli matros yanğın söndürəni vəzifəsində işləmiş 1991-ci il təvəllüdlü Fərruxun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 

Fərrux 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Fərrux bu ilin fevralın 9-da Binəqədi rayonunun Xutor yaşayış massivində 25 manat pul müqabilində bir bükümdə 3,899 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. 

O, Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib. 

Məhkəmədə ifadə verən Fərrux ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, narkotik vasitələrdən istifadə etmir, lakin hərdən bir psixotrop maddələrdən istifadə edib: “Yaşadığım məhəllədə bir neçə nəfər narkotik vasitənin satışı ilə məşğul olduğuna görə, onların narkotik vasitənin satışı ilə məşğul olmalarına iradımı bildirərək onlara qənim kəsildiyim üçün məni tutublar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 9 fevral 2022-ci ildə, səhər saatlarında evində olarkən qara rəngli “Prado” markalı avtomobillə 3 nəfər gəlib və onu Binəqədi rayon Polis İdarəsinə aparıblar: “Orada üzərimə şəxsi axtarış aparılacağını bildirdilər. Həmin vaxt üzərimdə heç bir narkotik vasitə olmadı. Lakin, mənə bir büküm verdilər, həmin bükümün videoçəkiliş zamanı mənə məxsus olmasını bildirməyimi tapşırdılar. Bildirdilər ki, mən bu maddə ilə getməliyəm. Narazılığımı bildirdim. Mənə dedilər ki, narahat olm, sənən kömək edəcəklər. Mən də onların deməsinə görə videoçəkiliş zamanı verdikləri bükümün mənə məxsus olmasını bildirdim”. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top