Xalq artisti komediyaçıları tənqid etdi

ŞOU-BİZNES 14 avq 2022, 13:58
Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınayır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir.

Demokrat.az
xəbər verir ki, Xalq artisti Səidə Quliyeva bu mövzuda Yenisabah.az-a danışıb.


O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib:

"Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud "YouTube” kanalını açırsan eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər.
Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər, bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar.

Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizlərdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!”

Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır: "Yaxşı aktyorlar, estafeti ötürməyə gənclər var, demirəm ki, heç yoxdur, amma onlara şərait yaradılmır. Onsuz da bu müvəqqətidir, bütün zövqsüz aktyorlar gedəcək, amma gəldi-gedər olsalar da, arada illər itib gedir. Zövqü korlanan insanlar elə bilirlər ki, elə bütün aktyorlar belədir. Belə də olmalıdır.

İnanın mənə, bu gün kinoteatrların qabağında dayanıb komediya filmindən çıxan insanlardan sorğu keçirsəniz, onlar nəyə baxdıqlarını heç özləri də bilməyəcək. Əgər onlar film haqda iki cümlə quraşdırıb deyə bilsə, mənə nə istəyirsiniz deyin. Bu insanları narahat etmirmi?”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top