Çilov qəsəbəsində "Milli maraqlar və həmrəylik" mövzusunda tədbir keçirildi — FOTO

SİYASƏT 12 avq 2022, 19:00
12 avqust 2022-ci il tarixdə Pirallahı rayonu Çilov qəsəbəsində növbəti ideoloji maarifləndirmə tədbiri baş tutub.

Demokrat.az
xəbər verir ki, “Milli maraqlar və həmrəylik” mövzusuna həsr olunmuş tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət,  Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev, “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun Prezidenti Rauf Zeyni və “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin rəisi Zaur Bağırov iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra İ.Əliyev mövzu ətrafında geniş nitqlə çıxış edərək dünyanın hazırda içində olduğu böhran fonunda bu mövzunun olduqca dəyərli və aktual olduğunu vurğulayıb. Natiq bildirdi ki, dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Respublikamız Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə hərtərəfli və dinamik şəkildə inkişaf edir, Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Bununla yanaşı, ölkəmizin xarici siyasətinin milli maraqlar üzərində qurulduğu, bunun nəticəsi olaraq Azərbaycanın müstəqillik səhifəsinin yazıldığı ilk gündən etibarən ən böyük problemi olan ərazi bütövlüyünün və  beynəlxalq  səviyyədə tanınmış sərhədlərinin bərpası məsələsinin nəhayət iki il öncə öz gücünə həll edildiyi, post-münaqişə dövrünün reallıqlarının əsas güc mərkəzləri tərəfindən birmənalı olaraq qəbul edildiyi və son dövrlərdə beynəlxalq təşkilatlarla münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu ifadə olunub. İ.Əliyev çıxışının sonunda bu günə qədər Azərbaycan xalqının və o cümlədən, Azərbaycan gəncliyinin hər zaman Prezidentinin arxasında olduğunu, bundan sonra da xalqımızın daima öz böyük liderinin ətrafında sıx birləşəcəyinə və həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Sonra “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun Prezidenti Rauf Zeyni çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət həyata keçirir. Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür. R.Zeyni əlavə olaraq bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın illərlə apardığı işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması dövlət qurumları ilə yanaşı QHT sektoru üçün də prioritet məsələdir.

 Daha sonra çıxış edən Millət vəkili Rauf Əliyev hazırda dünyanın ayrı-ayrı bölgələrində arzuolunmaz proseslərin getdiyini, belə bir vəziyyətdə bütün parametrlər baxımından bölgənin lider aktyoru sayılan Azərbaycanın öz imkanlarını təqdim edərək regionda və daha geniş coğrafiyada ölkələr və xalqlar arasında barış, xoş niyyət mühitinin bərqərar olmasına, siyasi-iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verməyə çalışdığını ifadə edib. Əlavə olaraq, natiq vurğulayıb ki, Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırır. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qısa müstəqillik tarixində müstəqil Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir ki, respublikamızla sıx əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır.

 Sonda İsmayıl Əliyev bir daha söz alaraq, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı və qəsəbədə fəaliyyət göstərən müəssisə və təşkilatların öz fəaliyyətini bu istiqamətdə  qurmasının vacibliyini vurğulayıb.






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top