Qafar Çaxmaqlı: “Ermənilər dərsini alsın deyə, antiterror əməliyyatları daha geniş şəkildə aparılmalıdır”

GÜNDƏM 11 avq 2022, 12:50
“10 noyabr sazişinə əsasən, Azərbaycan ərazisində olan erməni hərbi birləşmələri çoxdan Qarabağ bölgəsini tərk etməli idilər. Lakin erməni hərbi birləşmələrinin hələ də çıxarılmaması və burada həmişə gərginliyin qalması Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini təmin edə bilməz. Biz bu tələbləri zaman-zaman dilə gətirməliyik ki, erməni hərbi birləşmələri Qarabağdan çıxarılsın”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı deyib. 

Politoloqun sözlərinə görə, burada ən böyük maneələrdən biri Rusiya sülhməramlı qüvvələrin bölgədə olması, bəzi hallarda da onları himayə etməsidir:

“Şübhəsiz ki, “Qisas” antiterror əməliyyatından sonra ermənilər geri addım atdılar. Dərhal bəyan olundu ki, yaxın zamanlarda bütün erməni hərbi birləşmələri bölgədən çıxarılacaq. Amma, bunun da gerçəkləşməsinə inanmıram. Çünki Ermənistan öz üzərinə götürmüş öhdəliklərdə belə bir məsələni qoyur ki, “Dağlıq Qarabağ”a hərbi çağırışçı göndərilməyəcək, amma ora könüllü şəkildə getmək istəyənlər orada hərbi xidmət etməyə göndəriləcək. Bu isə müəmalı bir məsələdir. Çünki hərbi çağırışçınıın könüllü və ya könülsüz Qarabağa göndərilməsi məsələsi onun özündən asılı olmayacaq. Buradan da göründüyü kimi, Ermənistan Azərbaycana qarşı müəyyən siyasət aparır və bu siyasətə uyğun şəkildə də bunu həyata keçirəcək. Ona görə də, Azərbaycan həmişə hazır olmalıdır”. 

Professor qeyd edib ki, ermənilər dərsini alsınlar deyə, bundan sonra antiterror əməliyyatları geniş şəkildə aparılmalıdır:

“Prezident İlham Əliyevə ermənilər tərəfindən müraciətin olunması da müəyyən mənada təbiidir. Çünki Ermənistan vətəndaşlarının içərisində elə adamlar var ki, bu gerçəkləri anlayırlar. Azərbaycanla və Azərbaycan xalqı ilə bir arada yaşayıb, burada qalmağı düşünürlər. Amma bir hissəsi də radikal görüşlü adamlardır. Onlar Azərbaycana qarşı həmişə ciddi fəaliyyətlər apara bilərlər. Burada da ehtiyatlı davranmaq lazımdır. Bunların Azərbaycan vətəndaşlığı almaq müraciətlərinə baxılarkən ciddi şəkildə araşdırmalar aparılmalıdır ki, Ermənistan vətəndaşı nəyə görə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir? Yaxud da Qarabağda yaşayan erməninin bizim ölkənin vətəndaşlığını qəbul etməsində hansı niyyətləri var? Bunlar çox ciddi məsələlərdir. Şübhəsiz ki, burada məkrli niyyətlər də ola bilər. Bunun qarşısını almaq üçün Azərbaycan dövlət orqanları, təhlükəsizlik orqanları ciddi şəkildə bu məsələni araşdırmalı və sonra qərar verilməlidirlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top