Ceyranbatanda günlük kirayə evdə gənclər arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 09 avq 2022, 10:18
Abşeron rayonunda 1996-cı il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində onunla birlikdə günlük kirayə evdə qalan İlkinə xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 17-də rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb. 

Şahin qəsəbənin bağlar massivində yerləşən gündəlik kirayə verilən evdə İlkini döyüb. 

İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona verilən ititham üzrə özünü təqsirli bilib. O bildirib ki, maşın yuma məntəqəsində işləməklə dolanışığını təmin edir: “Bu səbəbdən də Ceyranbatan qəsəbəsi, bağlar massivində gündəlik kirayə verilən evlərdə bir neçə nəfərlə birlikdə yaşayıram. Şikayətçi İlkini də həmin evdən tanımışam. Aramızda hər hansı bir mübahisə və narazılıq olmayıb”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 17-də, gecə saat 00.30-da yataqda uzanıb: “Bir qədər sonra İlkin də oraya gələrək nə üçün onun yerində kiminsə yatdığını soruşdu. Mən isə bir qədər əvvəl başqa bir şəxsin orada yatdığını və həmin şəxsin vətən müharibəsi iştirakçısı olduğunu dedim. Lakin İlkin bu sözümə kobud tərzdə cavab verdi. Ona vətən müharibəsi iştirakçılarına hər kəsin borclu olduğunu bildirdim. Bu mövzuda davam edən söhbət zamanı aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı İlkinin sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Zərbədən sonra İlkinə köməklik göstərsəm də, sonuncu barəmdə şikayət edəcəyini bildirdi”. 

Təqsirli bilinən şəxs qeyd edib ki, sonradan polis əməkdaşları onun iş yerinə yaxınlaşaraq barəsində şikayət olduğunu bildiriblər: “Həmin əməkdaşlarla birlikdə Saray polis bölməsinə getdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İlkinin sözlərinə görə, fəhləlik etməklə dolanışığını təmin edir: “Bu səbəbdən də Ceyranbatan qəsəbəsi, bağlar massivində gündəlik kirayə verilən evlərdə bir neçə nəfərlə birlikdə yaşayıram. Barəsində şikayət etdiyim Şahini də həmin evdən tanımışam”.

Zərərçəkmiş şəxs qeyd edib ki, fevralən 17-də, gecə saat 01 radələrində kirayədə yaşadığı evə gedən zaman onun çarpayısının dağınıq halda olduğunu görüb: “Şahinin orada yatdığını güman edərək ondan nə üçün yerimdə yatdığını soruşdum. Şahin isə kobud tərzdə cavab qaytararaq orada başqa bir şəxsin yatdığını və həmin şəxsin qazi olduğunu, buna görə də həmin şəxsə söz deməyə heç kimin ixtiyarı olmadığını dedi. Mən isə öz növbəmdə yerimdə yatmış insanın ən azı məndən icazə almasını bildirdim. Bu sözümə görə Şahin mənə irad bildirdi. Üzərimə gəldi və sifət nahiyəmə bir dəfə yumruq zərbəsi vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt Şahinin otağa daxil olan dostu İrşad dərhal araya girərək bizi ayırdı”.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Şahin 1500 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top