Deputat: “Londonda baş verən hadisə dövlətimizə qarşı hücumdur”

GÜNDƏM 05 avq 2022, 16:57
“Böyük Britaniyada səfirliyimizin binasına edilən hücum, xüsusilə bayrağımızın çıxardılıb, başqa hər hansı bir mənzəbin bayrağı ilə əvəz olunması dövlətimizə və xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur. Bu tezliklə London hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı, günahkarlar üzə çıxarılmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat vurğulayıb ki, Azərbaycanın ən vacib siyasi xətti məhz dünyəvillikdir:

“Bizim ölkədə müxtəlif etiqadlara sitayiş edən, ayrı-ayrı etnik qruplar yaşayır ki, onlar hər biri Azərbaycan dövləti üçün vətəndaşdır və eyni hüquqa malikdir. Bu günə kimi dövlətimiz heç kimi dini inancına və ya mənsub olduğu etnik qrupa görə nə günahlandırılıb, nə də fərqləndirib. Bu, mümkün də deyil. Çünki biz dünyəvi dəyərləri yüksək səviyyədə mühafizə edən bir xalq və dövlətik. Azərbaycan Respublikasının Konstitutsiyasının 18-ci maddəsində də bu öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bunu bütün dünya da yaxşı bilir ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir”.

Deputat qeyd edib ki, dünyanın nəhəng siyasi mərkəzlərindən olan Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır:

“Bu cinayətin bir neçə məqsədi ola bilər. Bilirik ki, Azərbaycanla Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var. Hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış da ola bilər. Həmçinin, bunun əsas məqsədlərindən biri də qonşu İranla münasibətləri korlamaq da ola bilər.  Digər çox vacib amil isə bu cinayətin məqsədi ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər. Çünki ölkəmiz çoxmillətli və müxtəlif inanclı xalqların məkanıdır, din və etiqad həssas məsələlərdən biri və vacibidir. Bu əməlin səbəbi nə olur-olsun çox ciddi bir məsələdir. Dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur. Biz imkan verməyəcəyik ki, xaricdə Azərbaycanımızı sevməyən qüvvələrin törətdikləri bu qanunazidd hərəkətləri ölkə daxilinə daşıyıb, dövlətimizin dayaqlarını sarsıtmaq üçün fəaliyyətə keçsinlər. Mən ümid edirəm ki, hər kəs konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqlik nümayiş etdirib, dövlətimizi bu kimi təhlükələrdən xalq dövlət birliyinin gücü ilə qoruyacaqdır”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top