Azərbaycanda jurnalistlər niyə sığortalanmır? — RƏYLƏR

MEDİA 03 avq 2022, 16:57
Bütün dünyada jurnalistlər də riskli peşə daşıyıcısı sayılır. Təsadüfi deyil ki, 90-cı illərdən etibarən beynəlxalq təşkilatlar tərəfindən aparılan monitorinqlər onu göstərir ki, son 30 il müddətində təqribən 3000 nəfərdən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Orta hesabla götürsək hər il 100-150 və yaxud bu civarda jurnalist peşə fəaliyyətinə görə həyatını itirir. Eyni zamanda minlərlə jurnalist həbs edilib və fiziki xəsarətlər alıb. Bəs, ölkəmizdə jurnalistlərin sığortalanma prosesi necədir?

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Demokrat.az-a açıqlamasında bildirib ki, jurnalistlərin sığortalanması məsələsinə onlara ünvanlanmış sosial müdafiə tədbirlərinin tərkib hissəsi kimi baxılması daha faydalı olardı:



“Əslində ümumən hər bir işçinin işəgötürən tərəfindən icbari qaydada sığortalanması məsələsi qanunvericilikdə əksini tapır, bunun üçün müvafiq vəsait də ödənilir. Söhbət jurnalistikanın xüsusi riskli sahə kimi nəzərə alınmasından gedir. Ölkəmizdə işi risk tələb edən elə sahələr var ki, onlar işçilərini kifayət qədər yüksək məbləğdə sığortalayırlar. Belə dövlət təşkilatları da mövcuddur. Məsələ hər bir halda işəgötürən və işçi arasında tənzimlənir və böyük hesabla işəgötürənin maliyyə imkanlarına, işçini işlədərkən əldə etdiyi gəlirə bağlıdır. Yəni, sığorta o gəlirin hesabına aparılır. Azərbaycanda redaksiyaların maddi durumu aşağıdır. Onların gücü yalnız icbari sığortaya çatır ki, onun da məbləği bəzi şirkətlərin işçiləri sığorta etdiyi məbləğin yanında olduqca cüzidir. Məsələyə fundamental baxış isə budur ki, jurnalistika gəlir gətirməsə də, bu sahənin strateji əhəmiyyəti nəzərə alınmaqla ona xüsusi yanaşılsın. Təbii ki, bu yanaşma da müvafiq qanuni mexanizmlərin hazırlanmasını və tətbiqini aktuallaşdırır. Azərbaycanda “Media haqqında” qanun qəbul edildi. Qanuna əsasən media reystri hazırlanacaq. Media reyestri bu sahədə kifayət qədər nizam-intizam yaradacaq. Ən azından bilinəcək ki, ölkədə nə qədər jurnalist  və ya jurnalist fəaliyyətilə məşğul olduğunu bildirən şəxs var. Düşünürəm ki, bu müəyyənləşdikdən sonra hesablamalar aparmaq və konkret imtiyaz tədbirlərinin həyata keçirilməsinə başlamaq mümkündür. O cümlədən jurnalistikanın riskli peşə olduğu reallığı nəzərə alınmaqla, media təmsilçilərinə ünvanlanacaq adekvat sığorta mexanizmlərinin tətbiqinə də”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli isə deyib ki, nəinki jurnalistlərlə bağlı, ümumiyyətlə işçilərlə bağlı sığorta olmalıdır:



“Bilirsiniz ki, bu, indi biraz məcburi xarakter daşıyır. Əmək müqaviləsi bağlanan işçilər üçün icbari sığorta hissəsi ayrılır, yəni bu proses artıq gedir. Düzdür, əvvəllər yox idi, indi son bir neçə ildə tətbiq olunmağa başlayıb. Jurnalistlər ekstremal bölgələrə göndəriləndə onlar üçün xüsusi həyat sığortası bağlanılır. Döyüş bölgələrinə, qaynar bölgələrə gedən jurnalistlərin ümumiyyətlə, həyat sığortası olmalıdır. Yəni, jurnalistlər qaynar bölgələrə göndəriləndə onlar üçün xüsusi sığorta tətbiq olunmalı və onlar xüsusi geyim forması ilə təmin edilməlidirlər. Amma, təəssüf ki, bu ölkəmizdə kütləviləşməmiş bir hadisədir. Ehtiyac var ki, bu kütləviləşsin və jurnalistlər riskli bölgələrə gedəndə onlar üçün ümumilikdə səfər sığortası olsun. Qeyd edim ki, bu dünyada artıq tətbiq olunan bir məsələdir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bildirib ki, beynəlxalq təcrübədə jurnalistlərin həyatlarının sığortalanmasını faktiki olaraq redaksiyaların özləri həyata keçirirlər:



“Əgər jurnalist hərbi əməliyyatlar gedəndə müqavilə imzalayır, müqavilə əsasında onun başına hansısa iş gələrsə, hansısa formada kompensasiya ödənilir. Bizdə isə bu real görünmür. Amma, jurnalistlərin peşə sığortasını dövlətin öz boynuna götürməsi təcrübəsi yalnız sovet cəmiyyətlərində rast gəlmək olar. Yəni, bunu hökumətdən və dövlətdən tələb etmək mümkündür. Bizdə hər şey qalır redaksiyaların öz boynuna, redaksiyaların isə bu gün maliyyəsi çox aşağı vəziyyətdədir və onlara sözün əsl mənasında redaksiya demək də çətindir. Ona görə də, düşünmürəm ki, onlar da bu məsuliyyəti öz boyunlarına götürsünlər”. 

Sığorta eksperti İlkin Nəcəfov isə açıqlamasında bildirib ki, bu gün ölkəmizdə jurnalistlərin sığortalanması ilə hər hansı ciddi problem yoxdur: 



“İndiyədək rast gəlməmişəm ki, sırf jurnalist olduqlarına görə, sığortalanmasınlar. Sığorta şirkətləri jurnalistlərin sığortalanmasında əslində maraqlıdırlar və bu məsələdə tam sərbəslik var. Bir də qeyd edim ki, əgər jurnalist əmək müqaviləsi ilə işləyirsə, o, icbari qaydada sığorta olunur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top