İnfeksionist: “Bu peyvənd meymunçiçəyi xəstəliyindən insanları qoruyur”

GÜNDƏM 03 avq 2022, 13:42
Koronavirus pandemiyasının əsarətindən qurtulduğumuz və “müstəqilliyimizin” ilk aylarını yaşadığımız bu günlərdə bir qara xəbər kefimizə soğan doğramağa hazırlaşır. Xarici mətbuatda yayılan xəbərlər də bunu deməyə əsas verir. Görünən odur ki, getdikcə daha çox ölkə insanların Afrika virusuna yoluxma halları barədə məlumatlar verir. Avropa ölkələrində qeydə alınan meymunçiçəyi ilə bağlı vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı artıq ekspertlərin  fövqəladə toplantısını çağırıb. Bildirilib ki, təcili təşkil olunan görüşdə xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət iclas zamanı müzakirə ediləcək əsas mövzular olacaq.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, hələlik meymunçiçəyi epidemiyası ehtimalına dair heç bir dəlil yoxdur. Hesab olunur ki, bu virusun insandan insana ötürülməsi onu insan populyasiyasında saxlamaq üçün kifayət etmir.

Bəs, vaxtilə təbii çiçək peyvəndinə qarşı vaksinasiya olunmuş şəxslər meymunçiçəyinə qarşı immunitet qazanmış hesab olunur?

İnfeksionist Vasif Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, vaxtilə çiçək peyvəndinə qarşı vaksinasiya olunmuş insanlar hal-hazırda meymunçiçəyinə qarşı immunitet qazanmış olur. 



Həkmin sözlərinə görə, bununla bağlı araşdırmalar aparılıb və məlum olub ki, daha əvvəl təbii çiçək peyvəndi vurulmuş şəxslər meymunçiçəyi epidemiyasını daha rahat keçirirlər:

“Məlum olub ki, təxminən 100-də 85 faizi bunu hər hansı əlamət olmadan keçirir. Qeyd edim ki, 2003-cü ildə Amerikada da belə bir epidemiya olmuşdur və daha əvvəl çiçək virusuna qarşı peyvənd olunmuş şəxslər xəstəliyi çox rahat keçiriblər. Xəstələr özlərinin xəstəlik keçirdiyinin fərqində belə olmayıblar. Bu baxımdan çiçək peyvəndi meymunçiçəyi xəstəliyindən insanları qoruyur deyə bilərik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top