Əflatun Amaşov: “Jurnalist olaraq üzərimizə götürdüyümüz ictimai missiya var”

MEDİA 01 avq 2022, 18:42
Ən əvvəl bilmənizi istərdim ki, bu müraciəti Sizə daha çox əksəriyyətinizdən yaşca və təcrübəcə böyük həmkar olaraq edirəm. Fikirlərimə diqqətlə yanaşmağınız mənim üçün də önəmlidir, Sizlər üçün də. Hər halda ziyanlı nə isə paylaşmıram. Xeyrini görən olacaqsa, nə xoş mənə.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"İndiyədək Milli Ordu, qoşun növlərinin bir yerdən başqa yerə doğru hərəkəti, yerdəyişməsi ilə bağlı bilgilərin, mövcud xüsusda insanlarda təlaş, həyəcan hissi yarada bilən, cəmiyyətin ümumi ahəngini pozma perspektivinə malik baxışların yayılmamasına dair çoxsaylı xəbərdarlıqlar edilib. Bunun yolverilməzliyi geniş şəkildə əsaslandırılıb. Əlbəttə, jurnalistlərimizdə məsələyə həssas yanaşma var. Ancaq bəzi məqamlar da var ki, onları diqqətə çatdırmaq zərurəti kənara qoyulmamalıdır. Mən də qısaca həmin məqamların üzərində dayanacam. 

Təbii ki, dövlət sirri, hərbi sirr təşkil edən informasiyaları qorumağa ilk növbədə dövlətin özü mükəlləfdir. Yəni böyük məsuliyyət dövlətin müvafiq orqanlarının üzərindədir. Jurnalist öz fəaliyyəti ilə bu sirri nə dərəcədə yaya bilər? Media təmsilçisi hansı formada ictimai və dövlət maraqlarına ziyan vura bilər? Hesab edirəm ki, bu iki sual bir-birindən ayrı tutulmalıdır. Jurnalistin dövlət sirrini, yaxud hərbi sirri yayma ehtimalı zəif olsa da, ictimai və dövlət maraqlarına bilərəkdən və ya bilməyərəkdən ziyan vurması ehtimalı yetərincə realdır. 

Baxın, bəzən jurnalistlər yaydıqları, paylaşdıqları hər hansı fikrə görə özlərinə ünvanlanan iradlarla razı olmurlar. Bu zaman məsələnin bilavasitə hüquqi tərəflərinə diqqət yetirirlər. Haqlıdırlar. Hüquqa əsaslanmaqda da, hərəkətlərinin hüquqi baxımdan yolverilməzliyinin isbatını tələb etməkdə də. Bəs onları müəyyən mənada haqsız salan durum nədən ibarətdir? Söhbət o durumlardan gedir ki, jurnalistlər özlərini haqsız bilməsələr də, onların haqsız olduqlarını həm mənəvi baxımdan, həm də qanuni tərəfdən isbata yetirmək o qədər də çətin deyil", deyə Əflatun Amaşov qeyd edib.

"Media təmsilçilərini sıravi şəxslərdən fərqləndirən nədir? Sosial şəbəkələrin informasiya platforması kimi qəbul olunduğu indiki dövrdə jurnalistlərin profilləri həm informasiya mühitidir, həm də belə demək mümkünsə, müəyyən məsələlərlə əlaqədar rəyin, təəssüratın formalaşdığı məkandır. Yəni biz öz profillərimizdə paylaşdığımız fikirlərlə eyni zamanda cəmiyyətə müraciət etmiş oluruq. Bəzən hətta informasiya dəyəri olmayan, əhvalımızı ifadə edən bir cümləlik sözümüzün belə müxtəlif interpretasiyalar, yozumlar doğurması reallığı mövcuddur. Çünki jurnalist olaraq üzərimizə götürdüyümüz ictimai missiya var. Cəmiyyət üzvləri bizi ən əvvəl o missiyada görür, daha sonra ata, ana, qardaş, bacı, qohum kimi təsəvvürə gətirirlər. Bu missiyanın məziyyətlərini, elə ağırlıqlarını da nəzərə alaraq yaşamağa, elə yazmağa da məhkumuq. 

Diqqət edək, hər birimizin orduda xidmət edən dostu, tanışı, qohumu var. Hər birimizin Ermənistanla sərhəddə, habelə qoşunların təmas xəttinə yaxın, yəni gərginlik ehtimalı olan ərazilərdə yaşayan tanışları, qohumları, qohumlarımızın qohumları, dostlarımızın dostları da həmçinin. Təhlillərimizə, dünyagörüşümüzə, düşüncə tərzimizə uyğun olaraq, proqnoz və gözləntilərimizə əsasən insanlara yanaşmamız olur. Onlardan informasiya alırıq, müəyyən bilgilər əldə edirik. Bəzən nələrisə onlar bizə deyir. Əlbəttə, bilgili olmağımız vacibdir. Bilgi gizli silahımızdır. Onunla müxtəlif baxışları qarşılaşdırıb obyektiv durumu görürük. Görürük, sanki keçik çəkirik ki, cəmiyyətin maraq və mənafelərinin zədələnməsinə yol verilməsin, bu kimi halların qarşısını alaq. 

Ancaq obrazlı desəm, biz niyəsə bilgi silahımızdakı güllələri saga-sola atmağı xoşlayırıq. Halbuki belə olmamalıdır. Loru dildə deyim: tələb budur ki, ümumən hərbi məsələlərlə bağlı bilgimizi, baxışımızı, əldə etdiyimiz məlumatı səpələməyək. Nəzərə alaq və inanaq ki, bu xüsusda ən doğruları bilən, bütün məqamları hesablayan dövlətimiz var. Məhz buna görə də dövlətimizin rəsmi təsdiqini tapmış informasiyalarını yayaq, paylaşaq. Bəli, o informasiyalar üzərində təhlillər, müqayisələr aparmaq haqqımızdır. Axı, dediyim kimi ictimai missiyamız var. Biz öz növbəmizdə də hansı bilginin, məlumatın insanlarımıza xeyirli olduğunu düşünə bilərik, susmalı deyilik. Ancaq gəlin, hərbi məsələlərlə əlaqədar bilgimizi möhkəmləndirmək, narahatlığımız varsa, onu aradan qaldırmaq, informasiya dəyəri olduğunu düşündüyümüz məsələlərə dair əvvəl rəsmi qurumlarımızla, bu halda Müdafiə Nazirliyi ilə dəqiqləşdirmələr aparaq. 

Əziz həmkarlar, əgər Vətənimiz üçün faydalı iş görmək istəyiriksə, bunu haqqında yazmaq, fikir bölüşmək istədiyimiz durumun, sahənin həssaslığını nəzərə alaraq, ciddi, soyuq yanaşmamızla edək. İnanın ki, bu yanaşmamız bizə insanların, əməkdaşlıq etdiyimiz qurumların nəzərində peşəkar obraz qazandıracaq. Təbii ki, hörmət, ehtiram və etimad da", deyə Mətbuat Şurasının sədri vurğulayıb.

Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top