II Milli Yaylaq Festivalı keçiriləcək — FOTOLAR

İNCƏSƏNƏT 27 iyl 2022, 17:36
29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçiriləcək. Artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.

Demokrat.az xəbər verir ki, “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.

Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Festivalda şair-publisist, kolleksiyasına 150-dən çox kəlağayı daxil olan Güllü Eldar Tomarlı da iştirak edəcək. O, bunu Demokrat.az-a müsahibəsində bildirib. 



“Milliliyimizi mən orda təbliğ edəcəyəm, min illərin yaddaşında əriş-arğac olan, ilmələnə-ilmələnə, düymələnə-düymələnə, güllənə-güllənə bu günümüzə qədər gəlib çatan bu milliliyimizi gələcəyə ötürmək hər bir vətəndaşın borcudur. Kəlağayımıza o qədər sevgim var ki, mən orda böyük qürurla kəlağayımızı təbliğ edəcəm. Kəlağayımızla bərabər, toxudugum əl işlərimi də nümayiş etdirəcəm.”



Gülçin Qorxmaz
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top