“Ərim məni döyəndə qayınanam köməyə gəlmədi” — Zaqatalada ailə cinayəti

KRİMİNAL 27 iyl 2022, 11:37
Zaqatala rayonunda 1987-ci il təvəllüdlü Nadir şəxsi münasibətlər zəminində həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyun 13-də baş verib. 

Nadir yaşadığı evin ikinci mərtəbəsində yerləşən otaqda Aydan ilə aralarında ailədaxili münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Nadir arvadına çoxsaylı yumruq zərbələri vurub. Qadın aldığı zərbələrdən bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. 

İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib. İş hakim Tural Həsənovun icraatında araşdırılıb.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2016-cu ildə Aydanla ailə həyatı qurub: “Həmin nigahdan 1 övladımız olub. Evləndiyimiz gündən sonrakı vaxtlarda aradabir ailədaxili münasibətlər zəminində Aydanla mübahisələrimiz olub. Ancaq ailəmizin dağılmaması üçün barışmışıq”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin iyunun 12-də, gecə saatlarında Aydanı bibisigildən götürmək üçün gedib: “Bu zaman Aydan gec gəldiyimə görə yüksək səslə irad bildirdi və uşağın nadinclik etməsini dedi. Mən də Aydana bibisinin yanında irad bildirdiyi üçün evdə onu başa salacağımı dedim. Həmin gecə Aydanla ümumiyyətlə danışmadım. Aramızda soyuq münasibət oldu”. 
Nadir qeyd edib ki, iyunun 13-də, günorta saatlarında yaşadığı evin ikinci mərtəbəsində olan zaman Aydan anasıgilə gedəcəyini ona deyib: ”Aydanın ötən günki mənimlə yüksək səslə danışmasına görə heç bir yerə getməyə icazə vermədiyimi bildirdim. Aydan da buna görə mənimlə sözlə mübahisə etdi. Aydan belə evliliyin davam etməyəcəyini, birlikdə psixoloqa görünmək lazım olmasını söylədi. Aydanın dediklərindən əsəbləşərək onu vurdum. Sonra Aydanı çarpayıya uzatdım, anama da onun yıxılmasını dedim”. 

Nadir bildirib ki, iyunun 14-də, səhər saatlarında Aydanın ağrıları olduğuna görə xəstəxanaya aparması üçün bacısı Kəmaləni çağırıblar: “Kəmalə bizə gəldi və Aydanı həmin vəziyyətdə gördükdən sonra təcili tibbi yardım avtomobili çağırdı. Aydanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardılar”. 

Nadir bildirib ki, izahatında və ilkin ifadəsində Aydanın pilləkənlərdən yıxılaraq xəsarət almasını danışıb.

Zərərçəkmiş Aydanın sözlərinə görə, evləndiyi gündən etibarən mütəmadi olaraq Nadir onunla lüzumsuz yerə mübahisələr edib: 

“Aradabir məni yaşadığım evdə döyüb. Ailəmin dağılmaması üçün ondan şikayət etməmişəm”. 

Aydan ifadəsində əri ilə sonuncu davaları ilə bağlı belə ifadə verib: “Anamgilə getmək üçün Nadirdən icazə istədim. Nadir isə mənə icazə vermədi. Mən  də onunla buna görə sözlə mübahisə etdim. Ona belə evliliyin davam etməyəcəyini, birlikdə psixoloqa görünmək lazım olmasını bildirdim. Mübahisə zamanı Nadir məni dinləmədi, göz nahiyəmdən yumruqla zərbə vurdu. Bu zərbənin təsirindən gözlərim şişdi. Mən nə qədər qışqırsam da, birinci mərtəbədə olan qaynanam köməyə gəlmədi. Nadir saçımdan tutaraq məni sürüdü. Sifət nahiyəmdən, başımdan və bədənimdən bir neçə dəfə zərbələr vurdu. Mən özümə gələ bilmədim və huşumu itirdim. Gözümü açanda çarpayıya uzadılmışdım. Dözülməz ağrıları olduğu üçün evdə dözə bilmədim”. 

Nadir 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Onun barəsində “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci hissəsi tətbiq olunub. Ona təyin edilmiş cəzadan azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top