AMEA-nın dəhlizlərində gəzən Ramiz Mehdiyevin “kölgəsi” — Akademiya “qocalar evi”nə necə çevrilib?!

TƏHLİL 26 iyl 2022, 18:56
“Velisopedi yenidən icad etmək lazım deyil” məşhur deyimi bütün dünyada artıq baş vermiş, yaxud hər kəsə bəlli məsələnin “yenilik” kimi təqdim edilməsinə qarşı istifadə edilən ifadədir. Velisopedi yenidən kim “ixtira” etmək istəsə, ən yaxşı halda gülüş obyektinə çevrilir. Bizim Milli Elmlər Akademiyası isə işini-gücünü kənara atıb, velisopedi yenidən “ixtira” etməyə cəhd etdi. Hətta, bununla bağlı “Azərbaycan alimləri yeni velisoped ixtira ediblər” başlıqlı rəsmi məlumatlar da yayılmışdı. Xeyr, alimlərimiz zarafat etmirdi, sözün həqiqi mənasında “yeni velosiped ixtira etdiklərini” iddia edirdilər. Halbuki, söhbət velisopedə əlavələrin edilməsi ilə sürət həddinin artırılmasından gedirdi...

Bu “ixtira” yox, Azərbaycan cəmiyyətini də, elmini də dolamaqdan başqa bir şey deyildi. 

Bu gün AMEA sözün həqiqi mənasında xalqı dolamaqla məşğuldur. Hətta, “işləyirik” görüntüsü yaratmaq üçün “Amerikanı da yenidən kəşf etmək” iddiasına düşə bilərlər.

Azərbaycan elminin AMEA-nın dəhlizlərində “dəfn edildiyini” dəfələrlə yazmışıq. Xüsusilə Ramiz Mehdiyevin AMEA-nın rəhbərliyinə gətirilməsindən sonra bu elm ocağı biznes yuvasına çevrildi. Onun akademiyada struktur dəyişikliyindən tutmuş, Nəbatat bağını ələ keçirmək niyyətinə qədər çoxsaylı planları var idi. İctimai etirazlardan sonra Ramiz Mehdiyev postunu tərk etdi və ümid var idi ki, AMEA öz missiyasına uyğun olaraq artıq ciddi elmlə məşğul olacaq. Lakin mövcud vəziyyət onu göstərir ki, Ramiz Mehdiyev getsə də, kölgəsi hələ də Azərbaycan elminin üzərindədir və bu kölgə bu gün AMEA-nın dəhlizlərində elmin aydınlığa çıxmasının qarşısını alır.



Ramiz Mehdiyevin kölgəsi kimlərdir?

Bu sualın cavabı AMEA-nın rəhbərliyinə, o cümlədən, idarəçilərinə baxdıqda aydın olur. Yeganə xilas yolu Ramiz Mehdiyevdən sonra hələ də qalan bu “kölgələri” də təmizləmək, elm ocağını gəncləşdirməkdir. Əks təqdirdə elmimiz elə qərq olduğu qaranlıqda da qalacaq. Və alimlər yenə də əsrlərdir ixtira edilmiş velisopedi “yenidən ixtira” edəcəklər.

Ən böyük “kəşfləri” qarpız, yemişi calaq etmək, ən böyük işləri isə “kəşf” etdikləri fərziyyələrlə bağlı tədbir keçirmək olacaq. Yalnız “araşdırma” xatirinə araşdırma aparacaq, kiflənmiş mövzularda elmi məqalələr yazacaq və AMEA-nı “istirahət evi” olaraq qəbul edəcəklər. Bu gün AMEA rəhbərliyinin yaşına baxdıqda, onların istirahətə çəkilmək vaxtının çoxdan çatdığını hər kəs təsdiq edə bilər. Amma bu akademiklər caynaqlarını keçirdikləri Azərbaycan elmindən əl çəkmək istəmir, elm ocağını ahıl yaşlarında “istirahət mərkəzi” olaraq görürlər.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan elmi ölkə iqtisadiyyatının potensialına töhfə verməlidir. Bu gün elmin “töhfəsi” mənasız və heç bir işə yaramayan sovet ruhundakı “araşdırmalardan” başqa bir şey deyil.

Ramiz Mehdiyevin getməsi belə heç nəyi dəyişmirsə, deməli elmdə islahatların köklü aparılmasının vaxtı çatıb. Əks təqdirdə, AMEA “qocalar evi” olaraq qalacaq.

Təqaüd yaşını keçmiş bu qocalar “Amerikanı yenidən kəşf etmədən” (bizi yenidən biabır etmədən) getməsinin vaxtıdır.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top