Deputat: “Mən özüm işə fəhləlikdən başlamışam, həyatın hər üzünü görmüşəm”

GÜNDƏM 21 iyl 2022, 17:36
Təbii ki, gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Lakin bəzi hallarda seçilən işə və sənətə insanlar yuxarıdan aşağı baxırlar. Buna misal olaraq taksi fəaliyyətini göstərə bilərik.Sirr deyil ki, bu işlə məşğul olanlar çox zaman söyülür, təhqir olunur, hətta döyülmə faktlarına da zaman-zaman rast gəlinir. Bəs, cəmiyyətdə niyə bu cür aqressiya var?  

Mövzu ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin üzvü Rüfət Quliyev deyib ki, qanuni, insafla, mürvətlə pul qazanmaq, işləmək heç vaxt ayıb deyil. Deputat qeyd edib ki, o, hər zaman bu düşüncədə olub və bundan sonra da bu fikirdə olacaq:

“Mən həmişə belə düşünmüşəm, indi də düşünürəm ki, ömrümün axırına qədər də bu əqidənin yiyəsiyəm. Qeyd edim ki, mən özüm işə fəhləlikdən başlamışam, hətta həyatımda elə bir vaxt olub ki, öz maşınımla da işləmişəm. Mənim “LADA”, “Jiquli” maşınım olub. İşləmişəm və həyatın hər üzünü görmüşəm, ona görə də hər şeyi çox gözəl başa düşürəm”. 

Deputat vurğulayıb ki, ümumiyyətlə, insan pul qazanmaq üçün gərək vicdanla, namusla çalışsın:

“Hər bir insan qanunu pozmamaqla pulunu qazanmalıdır. Əgər insan varlı bir ailədə doğulubsa, ömrü boyu o, varlı olacaq deyə bir şey yoxdur. Yaxud da, insan kasıb bir ailədə böyüyübsə, o, demək deyil ki, o həmişə kasıb olacaq. Bu gün Azərbaycanda kifayət qədər sosial imkanlar var ki, insanlar öz üzərində işləyib qabağa gedə bilərlər. Sahibkarlıq fəaliyyətinin Azərbaycanda geniş formada olması insanların hamısına şans verir, bundan başqa ali məktəblərdə, hətta xaricdə oxumaq üçün vətəndaşlarımız üçün kifayət qədər şanslar verilir. Ona görə də, səmimi deyirəm, mənim həyatımda hər şey olub. Tələbə vaxtı 4 dənə tələbə inşaat dəstəsində işləmişəm, özü də komandir olmuşam, idarə eləmişəm. Mən Kiyev Universitetində bioloji fakültənin tikintisində də işləmişəm, fəhlə olmuşam, sonra briqadir olmuşam, ondan sonrada həyatın Allaha qurban olum hər üzünü görmüşəm. Çətinlik də görmüşəm, rahatlıq da görmüşəm”.

“Hər bir insan çalışmalıdır ki, ilk növbədə bir-birilə çox isti, mehriban davransın və bir-birinə hörmət qoysun. Fərqi yoxdur hansı statusdadır o insan. Mənim indi də dostlarım var ki, məktəb yoldaşlarımdır, indi də onlarla görüşürəm. Hər bir işdə işləyirlər, eləsi var ustadır, eləsi var sürücüdür, eləsi var rəngsazdır. Öz uşaqlarımı da bu ruhda böyütmüşəm. Onunla da fəxr edirəm ki, mənim uşaqlarım da dediyim formada düşünürlər. Ümumiyyətlə, bunun hər zaman demişəm insan həyatı iki hissəyə bölünür. Əgər birinci hissəsini cavan, rahat yaşamaq istəyirsə, çox güman ki, həyatın ikinci hissəsini əziyyət çəkəcək, yaxud əgər insan həyatın birinci hissəsində əziyyət çəkirsə, öz üzərində işləyirsə, bir sənətə yiyələnirsə, oxuyursa, qabağa gedirsə, təhsilini uğurla həyata keçirə bilirsə, onda onun ikinci hissəsi rahat formada olacaq. Mənim həyatımı bilən insanlar, dostlar mən dediyim sözlərin hamısını təsdiq edə bilərlər”.  

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top