“Etibar Əliyev “təlxək“ sözünü işlətməməliydi” — Həmkarından irad

GÜNDƏM 18 iyl 2022, 23:58
Xəzər TV-nin “Komedixana” verilişinin son buraxılışında Milli Məclisin deputatı Etibar Əliyevlə bağlı satirik səhnəninj təqdim edilməsi ciddi qalmaqala səbəb olub. Aktyorlar efirdə Milli Məclisi “park”la müqayisə ediblər.

Deputat Fazil Mustafa sözgedən səhnəni Yenisabah.az-a şərh edib.

O bildirib ki, “Komedixana” kollektivi daha səviyyəli tənqidi səhnə hazırlaya bilərdi:

“Bu, hazırlıqsızlığın nəticəsidir. Yetkin, daha səviyyəli tənqid, yumor olduğu halda, bu, qeyri-peşəkar addımdır. Əgər adamlar bunu bacarmırlarsa və bir problemlə bağlı hansısa şit, uyğunsuz formada nəsə demək istəyirlərsə, bu onların özlərinə hörmətsizlik gətirir.

Mən də o kadra baxdım, məncə, uğurlu yumor tapa bilməyiblər. Təbii ki, deputatı da, başqa birisini də tənqid, uğurlu bir yumorla nəyisə ifadə edə bilərlər. Amma onlar sanki acıq çıxmaq üçün 2-3 yersiz, uyğunsuz ifadə işlədiblər, halbuki bu ifadələr gülüşə səbəb ola biləcək ifadələr deyil.

Aktyorların bu cür qınanmasının tərəfdarı deyiləm. Çünki tamaşaçı auditoriyasının da tələbi bayağı gülüş, mənasız adi məişət epizodları vasitəsilə nəyisə çatdırmaqdır.
Bütövlükdə, hansı auditoriyada olmasından asılı olmayaraq, özlərinin səviyyəsi barədə düşünməli, hər bir məsələdə səviyyə gözlənilməlidir. Məsələn, mən açıqlamalara baxdım, adicə seçki bulleteni ilə seçki platformasını da doğru təyin etməmişdilər və orda tez-tez gözə soxurlar ki, bizim diplomumuz var-filan. Belə olmaz, sənədin, diplomun olmasın, amma səviyyəli bir təqdimat elə. Ona görə də, hesab edirəm ki, deputatın bir iradını bu cür ümumiləşdirmək yalnışdır.”

F.Mustafa Etibar Əliyevi tanımayan aktyorlara deputatın kitablarını oxumağı tövsiyə edib:

“Onlar Etibar Əliyevin “Məktəblinin fəlsəfəsi”, “Elm və Təhsil Antalogiyası”, ədəbiyyat üzrə Nobel mükafatı alan adamlar haqda kitablarını oxusalar, zəngin bilik əldə edə bilərlər.

Tanımadıqlarını iddia etmək saymamazlıq kimi görünsə də, bu özü də hazırlıqsızlığın bir göstəricisidir. Tanımaq, oxumaq lazımdır. Etibar müəllimin də hansısa ifadəsində aktyorları incidəcək hər hansı ifadə varsa, o ifadənin özünü tənqid etmək lazım idi. Məsələn, mən də Etibar Əliyevin “təlxək” sözünü işlətməsi ilə razı deyiləm, amma ümumi onun iradı haqlıdır. Təbii ki, aktyorların da şəxsiyyəti var və buna hörmət etmək lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top