Qazi: “Ağır zədələnmiş bud-çanaq oynağım süni və xüsusi hazırlanmış qəfəslərlə yenidən formalaşdırılıb”

DİGƏR 16 iyl 2022, 15:39
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.


Bununla yanaşı, döyüşlərdə yaralanan qazilərimiz də var. 

Onlardan biri də Məmmədli Asəf Əbdülhüseyn oğludur.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, 1994-cu ilin yanvar ayında Zirədə anadan olub:

“2020-ci il sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldım. Daha sonra döyüşlərə qatıldıq. Həmin ilin oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralandım”.

O deyir ki, Vətən müharibəsi bitdikdən sonra sağlamlıq vəziyyəti qiymətləndirilib və ona ikinci qrup əlillik dərəcəsi təyin olunub:

“Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı 120 mm kalibrli topdan açılan mərmidən yaralanmışam. Qarın boşluğu orqanlarım zədələnmiş, bağırsaqlarım deşilmişdi, bud-çanaq oynağım ciddi yaralanmışdı.

Ağır zədələnmiş bud-çanaq oynağım süni və xüsusi hazırlanmış qəfəslərlə yenidən formalaşdırılıb. Daha sonra dövlət tərəfindən mənə avtomobil verildi. Artıq mənzillə təmin edilməyim üçün qeydiyyata alınmışam”.

Qazimiz “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilməkdədir. Ötən dövrdə Vətən müharibəsi şəhidlərinin səkkiz minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub.

Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60% artırılıb. 1 yanvar 2021-ci ildən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə beş dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə ümumilikdə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin atomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bu günədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.

Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ilin 1 iyul tarixinə “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Həmçinin doqquz mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top