Barama tədarükü başa çatır: 340 tondan artıq məhsul təhvil verildi

AQRAR-SƏNAYE KOMPLEKSİ 08 iyl 2022, 13:08
Azərbaycanda yaş barama tədarükü artıq başa çatmaq üzrədir. Kümçülərə dövlət tərəfindən əvəzsiz olaraq 11 min 130 qutu ipəkquru toxumu paylanılıb. İndiyə qədər barama tədarük məntəqələrinə 340 tondan artıq məhsul təhvil verilib. 

Bu barədə Demokrat.az-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib:

“Orta məhsuldarlıq əvvəlki illərdə olduğu kimi qutu başına 30 kq təşkil edir. Amma bəzi yerlərdə fərdi künçülər tərəfindən daha yüksək məhsuldarlıq əldə olunub. Baramaçılıq kənd təsərrüfatının ən qısa müddətdə daha çox gəlir əldə edən sahəsidir. Yəni kümçülər tərəfindən ipəkqurdunun becərilməsi təxminən 40 günə yaxın müddət davam edir. Proses 40 gün ərzində tam şəkildə başa çatır. Dövlət dəstəyi hesabına kümçülər yaxşı gəlir əldə edir”.



Barama tədarükündə liderlik hər il olduğu kimi Zərdab rayonundadır. Ümumilikdə burda kümçülər 58 tondan artıq barama tədarük ediblər. Bu da respublika üzrə təhvil verilən baramanın 6-da 1-i qədərdir. Eyni zamanda Zaqatala, Ağcabədi, Bərdə, Şəki rayonlarında da kifayət qədər yaxşı məhsuldarlıq var: 

“Nazirlik tərəfindən Özbəkistan təcrübəsi nəzərə alınaraq bir mövsüm ərzində ipək qurdunun ikinci bəslənməsi həyata keçirilir. Yəni əsas dövr başa çatdıqdan sonra iqlim şəraiti imkan verən rayonlarda yenidən ipəkqurdu toxumu paylanılır və ikinci dəfə yaş barama tədarükünə başlanılır. Artıq bununla bağlı nazirlikdə hazırlıqlar gedir, potensial rayonlar müəyyənləşir.”

Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan aidiyyatı üzrə təhvil verirlər. Dövlət əlavə olaraq, hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram baramanın əvəzində 11 manat alır.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top