Bakıda orta yaşlı kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl — TƏFƏRRÜAT

KRİMİNAL 07 iyl 2022, 11:26
Bakının Xəzər rayonunda 1969-cu il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 3-də baş verib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, təqsirli bilərək 2003-cü ildə ailə Leyla həyatı qurub və bir oğlan övladları var: “Yaşadığımız müddət ərzində həyat yoldaşımın mobil telefonu söndürülmüş olduğu üçün dəfələrlə aramızda münaqişələr olub. Lakin həyat yoldaşımı döyməmişəm”.

Vüqar qeyd edib ki, martın 3-də, axşam saat 19.10-da həyat yoldaşı işdən çıxdıqdan sonra ona dəfələrlə zəng etsə də, onun telefonu məşğul olduğu üçün əlaqə saxlaya bilməyib: “Bir müddət sonra yenidən həyat yoldaşıma zəng etsəm də, onun mobil telefonu söndürülmüş olduğu üçün iş yerinə gəldim. Marketdə işləyən qadınlardan biri həyat yoldaşımın saat 19.00-da iş yerindən getdiyini bildirdi. Yenidən həyat yoldaşıma zəng etdim. Həyat yoldaşım “Məryəm” gözəllik salonunun yanı ilə evə gəldiyini dedi. Yol kənarında onunla qarşılaşdım. Harada olduğunu soruşdum. Həyat yoldaşım ayaqqabı mağazasından gəldiyini bildirdiyi üçün aramızda sözlə mübahisə yarandı. Bundan sonra yaşadığımız evə gəldik”.

Təqsirləndirilən şəxs bildirib ki, evdə olduqları zaman həyat yoldaşı onu görmək istəmədiyini və ona nifrət etdiyini deyib: “Bu səbəbdən aramızda mübahisə baş verdi. Onun sifət nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən vurdum”. 

Xəzər rayon Məhkəməsinin hökmü ilə Vüqar 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top