Bakıda bahalı iti oğurlayan şəxs tutulub “Həvəskaram”

KRİMİNAL 06 iyl 2022, 00:05
Ötən il Mehdiabadda 2000 manatlıq iti oğurlayan şəxsə hökm oxunub.

Demokrat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə 2021-ci ilin avqustunda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin həyətində baş verib.

Belə ki, Rəsul Məmmədov (ad və soyad şərtidir) avtoyuma məntəqəsinin həyətindəki saxlanc yeri hesab edilən dəmir setka ilə ilə əhatə olunmuş tikilidə saxlanılan 2000 manat dəyərində olan “Sivas Kanqal” cinsli 4 aylıq iti oğurlayıb. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə ifadə verən Rəsul Məmmədov bildirib ki, it saxlamaq həvəskarı olduğu üçün onu oğurlayıb:

“Əvvəllər də məhkumluq həyatı yaşamışam. 5 il 7 ay həbs həyatı yaşadıqdan sonra azadlığa çıxmışam. Hazırda avtomobil ustası kimi çalışıram. Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında avtomobil yuma sexləri var, mütəmadi olaraq həmin avtoyuma sexinə gedib gəlirəm. Elə iti də onun yaxınlığındakı saxlanc yerində görmüşdüm. İt saxlamağa həvəskar olduğum üçün hətta sahibinə onu almaq istədyimi də demişdim. O da bildirmişdi ki, hələ ki, satmaq fikri yoxdur. Tez-tez o itə yemək də vermişəm. Bir gün səhər tezdən avtoyuma məntəqəsinə gələndə orada heç kimin olmamasından istifadə edib iti oğurlamaq qərarı verdim. İtin saxlanıldığı yerin setkasını qırıb onu götürdüm. Gətirib həyətimdə 4-5 gün ona qulluq etdim. Fikrim iti saxlamaq idi. Sonra polislər gəldi və mən də itin həyətimdə olduğunu etiraf etdim. Əməlimdən çox peşmanam”.

Hadisə nəticəsində zərərçəkən şəxs məhkəmədəki ifadəsində bildirib ki, saxlanc yerində iki it olub, lakin biri oğurlanıb:

“Evim də elə obyektə yaxın yerdədir. Buna görə də, gün ərzində tez-tez ora gedib-gəlirdim. Bundan əlavə onun ətrafında bir neçə kamera da yerləşdirilib. Hadisə baş verən gün səhər saat təxminən 06 radələrində kameralara baxarkən bir nəfər tərəfindən itin qaçırıldığını gördüm. Belə olduqda bu barədə ərazinin əməliyyat müvəkkilinə məlumat verdim və həmin şəxsin yaşadığı ünvana gedib oradan oğurladığı iti də aşkar edib götürdülər. Həmin itin aşkar edilib götürülməsi prosesində özüm də iştirak etdim.  İti götürüb saxlanıldığı yerə geri qaytardıq. Onun hazırkı satış qiyməti 2000 manatdır”. 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməməmək öhdəliyi qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top