Əri tərəfindən şiddət görən qadın danışdı: “Artıq dözə bilmirəm”

HADİSƏ 05 iyl 2022, 11:58
Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Xatirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 5-də baş verib. 

Zaur bundan əvvəl də eyni əməl törətdiyi üçün mühakimə edilib. O, Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilib. 

Cəzadan azad olunan Zaur yenidən arvadı ilə münaqişə yaradım. Münaqişə zamanı arvadını döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xatirə ilə 2013-cü ildən evlidir: “Birgə nikahımızdan iki azyaşlı uşağımız var. Yaşadığımız müddət ərzində aramızda dəfələrlə mübahisələr yaranıb. Martın 5-də, saat 17.00-da Buzovna qəsəbəsi Haşımbəy Sadi küçəsi nömrəsiz fərdi evdə olduğumuz zaman aramızda mübahisə yarandı. Əlim ilə Xatirənin üz nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Əməlimdən peşman deyiləm. Törətdiyim əməlinə görə təyin ediləcək cəzanı çəkməyə hazıram”.

Cinayət işi üzrə zərərçəkmiş Xatirənin sözlərinə görə, əri tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: “Zaur ilə barışmaq fikrim yoxdur. Çünki əvvəllər uşaqlarımızın xətrinə ondan şikayət etməmişəm. Keçən il də Zaur məni döydüyünə görə islah işləri cəzasına məhkum edildi. Lakin amnistiya aktına əsasən cəzadan azad edildi. Zaur özü üçün heç bir nəticə çıxarmayaraq zorakı hərəkətlərindən əl çəkmir, hər dəfə uşaqlarının gözü qarşısında məni döyüb-söyür. Artıq dözə bilmirəm. Zaurdan şikayətçiyəm. Ona törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edirəm”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Zaur 3 ay müddətinə həbs edilib. 

Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. 

Onun cəzasının əvvəli bu ilin aprelin 20-dən hesablanması qərara alınıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top