Media eksperti: “Zaur Kamalın hərəkəti qanun pozuntusudur”

MEDİA 01 iyl 2022, 11:50
“Bu hərəkət həm hüquqi baxımdan həm də etik baxımdan ciddi pozuntudur. Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndinə görə, bütün yayımçıların o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməlidir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu aparıcı Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azəri efirdən qovmasına münasibət olaraq bildirib.
 
Onun sözlərinə görə, xoşagəlməz bu hala görə, təkcə aparıcı deyil, televiziya da məsuliyyət daşıyır:

“Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır. Media Qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın öhdəliyindədir. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət Media Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır”.

Ekspert həmçinin qeyd edir ki, jurnalistlər peşə davranışlarına əməl etməli, müsahibinin şərəf və ləqayətini alçaltmamalıdır:
 
“Məsələnin etik tərəfinə gəldikdə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsi jurnalistə adamları yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır.

Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, - deyə Ə.Əhmədoğlu deyib.(bizim.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top