Psixoloq: “Yayda rastlanan depressiya zamanında aradan qaldırılmazsa, səhhətimizə təsir edəcək”

SOSİAL 29 iyn 2022, 15:21
İstər məktəbli olsun, istər tələbə, istərsə də iş adamı... Düşünürük ki, ilboyu yaşadığımız gərginliyi, yorğunluğu yay aylarında çıxaracağıq. Hətta isti yay günlərində sərin, gəzməli məkanlar seçib, istirahət günlərinin xəyallarından motivasiya alıb işlərimizə davam edirik. Bəzənsə, düşündüyümüz kimi olmur. Müxtəlif səbəblərdən ya tətilimizə gecikirik, ya da gedə bilmirik. Belə olan halda asanlıqla depressiyaya düşə bilirik. Mütəxəssislər buna yay depressiyası deyir. Bəs, görəsən bu depressiyaya daha çox hansı yaşlarda rast gəlmək olar? 

Psixoloq Kamilə Kazımova Demokrat.az-a müsahibəsində bildirdi ki, bu depressiyaya bütün yaş dövrlərində rastlana bilər:
 
“Uşaqlar da depressiya yaşaya bilər, gənclər də yeniyetmələr də, yaşlılar da. Yeniyetmələr ən çox dostları ilə ünsiyyət saxlayırlar. Və baxacaq ki, sosial şəbəkələrə baxır. İndi bilirik ki, xüsusilə yay fəslində hər kəs getdiyi, gəzdiyi yerin şəklini çəkir, paylaşır. Bunu edə bilməyənlər isə baxırlar və fikirləşirlər ki, mən niyə gedə bilmədim, mənə qarşı niyə diqqət azdır? Bu kimi fikirlər də onlarda narahatlıq yarada bilər və sonda depressiyaya gətirib çıxara bilər.”



Psixoloq deyir ki, insanlar daha çox avqust ayında depressiya yaşayırlar. 

“Niyə məhz avqust ayı? Çünki bilirik ki, artıq sentyabra doğru gəldikcə hər kəs bilir ki, yenidən iş başlayacaq. Avqust ayını yaşadıqca, əgər sən qarşına hər hansı məqsədi, hədəfi qoymusansa və yerinə yetməyibsə, fikirləşirsən ki, yenə də qaldı, bunlar necə olacaq, narahatlıq artmağa başlayacaq. Buna görə də həmin ayda depressiv vəziyyətlər daha çox olur. Tutaq ki, iyun, iyul aylarında fikirləşirsən ki, hələ avqust ayı var, nəyisə edə bilərik. Maddi sıxıntılara görə iyun-iyul aylarında daxili rahat etməyə bir səbəb var ki, “hələ qarşıda avqust ayı var, avqustda edərik.” Amma avqustun günləri getdikcə bu narahatlıq daha da artır. Depressiyanın yaranmasına gətirib çıxarır.” 

Kamilə Kazımova sözlərinə görə, depressiya halı ilə qarşılaşdıqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Çünki, xüsusilə, yay aylarında rastlanan depressiya, zamanında aradan götürülməzsə, iş qabiliyyəti ilboyu aşağı olacaq, zaman ötdükcə özünüqiymətləndirmə azalacaq və bu da səhhətimizə mənfi təsir edəcək. 

Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top